101, 200, 301, 404, 500, İnternetin gizli dili nə deyir?




İnternetdə gəzişərkən qarşımıza bəzən "404 Not Found" və ya "500 Internal Server Error" kimi rəqəmlər və məlumatlar çıxır. Bu və bunun kimi çox sayda olan fərqli rəqəmlər və məlumatlar haqqında danışacağıq bu gün.

Hazırsınızsa başlayaq!

Mövzuya keçməmişdən öncə bir şeyi bilməliyik: Mən necə ki indi yazdıqlarımı sizlər oxuyub başa düşürsünüzsə, kompüterlərin də bir-birini anlaması üçün özlərinə məxsus dili var. Yəni kompüterlər bütün məlumatı 0 və 1-lərə çevirib emal edirlər və bu qaydada informasiyanı ötürür və başa düşürlər. Bu, bir az indiki mövzumuzdan kənar mövzudur, amma kompüterlərin ünsiyyət formasını başa düşmək üçün bu detalı da bilmək vacibdir.

Bu gün fokuslanacağımız əsas məsələ isə "HTTPS" ilə olan ünsiyyət dilidir.


Məqaləmizin başlığında söylədik ki, kompüterlərin bir-birini anlaması üçün xüsusi dilə ehtiyacı var. Yəni 0 və 1-lərə. Amma sonra əlavə etdik ki, bizim bugünkü mövzumuz HTTP ilə əlaqəlidir. 
Necə yəni? Bu zaman belə çıxır ki, kompüterlər HTTP deyən zaman başqa bir dildə danışır, amma misal üçün oyun oynayan zaman məlumatları başqa bir dildə emal edir, ya necə?

Baxın, bütün amma bütün informasiyalar istər kompüterinizə qoşduğunuz printer olsun, istər kamera olsun, səs cihazları olsun və ya elə indiki mövzumuz, yəni internetdə gəzişən zaman qarşımıza çıxan bu kodlar olsun hamısı eyni prinsiplə çalışır. Yəni hamısının kökündə 0-lar və 1-lər dayanır. Yəni bu, kompüterin, maşının öz dilidir. Yəni kimsə bizə sual verərsə ki, "kompüter dili" deyən zaman nə başa düşürük, "HTTPS" deyən zaman nə başa düşürük, belə izah edə bilərsiniz:

Misal: Biz kompüterimizdə bir mətn cədvəlini açdıq və əmr verdik ki, bu vərəqin içindəki rəsmi çap et. Bu zaman nə baş verir? Kompüter "Çap et" əmrini götürür və onu printerin başa düşəcəyi texniki qaydalara uyğunlaşdırır. Sənəd printerin kabelinə keçəndə artıq orada nə "Çap et" sözü qalır, nə də şəkil. Hər şey elektrik siqnallarına, yəni 0 və 1-lərə çevrilir. Printerin içindəki mühərrik o "1"-i görəndə bir addım atır, "0"-ı görəndə dayanır misalı.

Tam aydın olmadısa, bir də belə bir şəkildə izah edim: Təsəvvür edin ki, yeni bir dil öyrənirsiniz. 
Bunun üçün sizə ilk öncə o dilin nəyi lazımdır? Əlifbası, elə deyilmi? Baxın, kompüterlərin də əlifbası, kompüterin dili 0 və 1-lərdən ibarətdir. Misal üçün, klaviaturada "A" düyməsini sıxanda: Kompüterimiz bu "A" hərfinə baxır və daxilindəki "lüğətə" əsasən onu 01000001-ə çevirir. Yəni "A" hərfi əslində kompüterə bizim əlifbamızdakı "A" kimi getmir, elektrik dalğası şəklində 01000001 kimi prosessora gedib çatır. Biz istər internetdə gəzişən zaman, istər oyun oynayan zaman, istər musiqiyə qulaq asan zaman bütün hər bir informasiyalar baxın bu şəkildə emal olunur. Yəni 0-lar və 1-lərlə.

HTTPS ilə 0-1-in fərqi nədir?

"0 və 1-lər məlumatın daşınma formasıdır. HTTPS isə o məlumatın mənasını təyin edən qaydalar toplusudur (protokoldur)." Yəni HTTPS bir maşın dili deyil, maşına yazılan əmrlər toplusundan ibarət bir kitabdır. Bax burada necə davranmaq lazımdır, necə hərəkət etmək lazımdır kimisindən. 
Bunu bir növ öyrəndiyiniz yeni dilin konstitusiya kitabına bənzədin. 0 və 1-lər öyrəndiyiniz dildir, HTTPS isə internetdə gəzişən zaman yazılan qayda və qanunlardır. 

Yəni HTTPS deyən zaman ağlınıza ilk öncə internet səhifəsi və orada baş verənlər gəlməlidir. 
0 və 1 anlayışı ilə HTTPS-i buna görə yanaşı misal çəkdim ki, kimsə sizə sual verərsə ki, "HTTPS nədir?", onu hər hansı bir dil kimi deyil, internet səhifəsində gəzişən zaman brauzerin fonunda bələdçi rolu oynayan bir mühafizəçi və köməkçi kimi təsəvvür edib yadınızda saxlayın. Bura qədər hər şey aydın oldusa, gəlin bir az da dərinliyinə enək mövzumuzun daxilinə.

Hər şey necə və haradan başlayır?

Biz bir sayta daxil olmaq istəyəndə, əslində bizim kompüterimiz qarşı tərəfdəki başqa bir kompüterə (buna Server deyilir) bir sual verir: "Mənə bu səhifəni göstərə bilərsən?"


Əgər hər şey qaydasındadırsa, brauzerimiz heç bir rəqəm göstərmədən səhifəni açır. Amma ekranda rəqəm görməməyimiz o demək deyil ki, arxa planda heç nə baş vermir.

Kodlar hər zaman ünsiyyətdədirlər. Sadəcə işlər tərs gedəndə xəbərdarlıq kimi ekrana çıxırlar. 
Bəs hər şey qaydasında olanda nə baş verir? Onlar arxa planda görünməz halda pıçıldaşır, səssizcə işlərini görürlər və biz sadəcə nəticəni (açılan səhifəni) görürük.

Unutmayın! Status kodları həmişə 3 rəqəmdən ibarət olur: 1xx-dən başlayıb 5xx-ə qədər davam edir. 
İlk rəqəmə baxmaqla problemin nədən qaynaqlandığını dərhal anlaya bilərsiniz.

1xx-lə başlayanlar: "Məlumat alıram"

Nümunə: 101 (Protokolların Dəyişdirilməsi) 


Server brauzerə deyir ki: "Sən göndərdiyin sorğunu başa düşdüm, amma gəl daha uyğun və sürətli bir qayda (protokol) ilə davam edək."

Loru dildə desək: Təsəvvür edin ki, WhatsApp-da mesajlaşırsınız. Amma zamanınız azdır, tələsirsiniz. Yazışmaq da vaxt aparır. Siz yazırsınız: "Gəl elə zəng edim, səsli danışaq?" (Bu, sürətli "keçid" təklifidir). Zəng edirsiniz və artıq klaviaturada hərf axtarmadan daha sürətli danışırsınız. 
Və ya çaydan su daşıyırsınız. 10 ədəd su qabını tək-tək daşımaq yerinə, əl arabası gətirirsiniz ki, hamısını bir dəfəyə və sürətlə daşıyasınız. Məntiq eynidir: Kompüter serverə deyir: "Gəl birbaşa rahat bir 'xətt' açaq, hər şey daha sürətli axsın."

Bəs buna nə ehtiyac var idi? Təsəvvür edin ki, qonağınız gələcək. Ona deyirsiniz: "Gələndə mütləq qapının zəngini vur ki, xəbərim olsun." Əgər bunu deməsəniz, qonaq gəlib qapıda dayana bilər, siz isə içəridə onun gəldiyindən xəbərsiz qala bilərsiniz. Kompüterlər də belədir; onlar ehtimallarla yox, konkret əmrlərlə işləyirlər. Yəni qonağın bir kod parçası olduğunu düşünək indi. 
Biz o qonağa hər şeyi izah etməliyik ki, əgər mən o qonağın qapı zəngini eşitmədiyimi varsaysaq, qapıda qonaq məni nə qədər gözləməlidir, yoxsa bir müddət gözlədikdən sonra geri qayıtmalıdır baxın, bütün bu məsələləri protokollar, yəni qaydalar tərtib edir. 

Qonaq özbaşına "zəngi vurum" və ya "pəncərəni döyüm" deyə fərziyyələri özündən hazırlamayacaq. Bizim verdiyimiz əmrlərə əsaslanaraq hərəkət edəcək. Yəni saydığımız bu rəqəmlər ki var və məqalənin sonuna doğru yaxınlaşdıqca oxuyacağınız bütün bu rəqəmlər ki var, hamısının iş prinsipi bundan ibarətdir. Aydın oldumu artıq HTTP deyən zaman biz nə başa düşürük? Baxın, eynən canlı futbol nəticələrinə və ya birja qiymətlərinə baxanda səhifəni yeniləmədən məlumatların dəyişdiyini görürsünüzsə, bilin ki, arxa planda o gizli 101 razılaşması işləyir. Əgər işləməsəydi, biz səhifəni yeniləməli olacaqdıq ki, ani dəyişikliyi görək.

Məlumat: Rəqəmlər 100-dən 500-ə qədər davam edə bilər, amma internet dünyası hələ ki hamısını istifadə etmir. Qalan rəqəmlər isə gələcəkdə internet daha da inkişaf edəndə yeni "pıçıldaşmalar" üçün boş saxlanılıb. 


2xx-lə başlayanlar: "Hər şey əladır"

Nümunə: 200 OK (Hər Şey Qaydasındadır)

Bu kodlar internetin bir növ "yaşıl işığı"dır. Əgər hər şey qaydasındadırsa, yuxarıda da qeyd etdiyimiz kimi, əgər bir şeylər tərs gedərsə xəta kodları görünəcək, qaydasındadırsa, brauzer bu kodları bizə göstərməyəcək. Çünki işin nəticəsi (saytın açılması) artıq ən böyük cavabdır.

Loru dildə desək: Təsəvvür edin ki, bir mağazaya daxil olursunuz və rəfdəki çörəyi götürüb kassaya yaxınlaşırsınız. Kassir heç bir söz demədən çörəyi skan edir, siz ödənişi edirsiniz və mağazadan çıxırsınız. Burada heç bir problem yaranmadı, hər şey qaydasında getdi. İnternetdə də bir linkə klikləyəndə sayt dərhal açılırsa, arxa planda həmin o səssiz "200 OK" kodu işləyir deməkdir. Yəni server deyir: "İstədiyini tapdım, buyur, maneəsiz istifadə et."

Və ya başqa bir izahla bunu sizə çatdırım. Bir qapını açmaq üçün açarı kilidə salırsınız və qapı rahatca açılır. Siz qapıdan içəri girəndə qapının üzərində "Uğurla açıldı" yazısı görmürsünüz, sadəcə içəri daxil olursunuz. Baxın, "200 OK" elə həmin o "rahat açılan qapı"dır.


3xx-lə başlayanlar: "Başqa yerə get" (Yönləndirmə)

Nümunə: 301 Moved Permanently (Daimi Köçürülmə)

Loru dildə desək: Sevimli mağazanızın qapısında "Biz başqa ünvana köçmüşük" elanını görüb yeni yerə getməyiniz kimidir. İnternetdə bu, göz qırpımında baş verir. Siz köhnə linkə klikləyirsiniz, server sizi anında yeni səhifəyə yönləndirir. Siz sadəcə yuxarıdakı ünvanın dəyişdiyini görürsünüz, yəni ekranda heç bir xəta kodu və ya yönləndirmə kodu kimi mesajlara rast gəlmirsiniz. Server HTTPS protokola baxır və anında anlayır ki, bura artıq boşdur və sizi avtomatik olaraq yeni bir ünvana yönləndirir.


4xx-lə başlayanlar: "Səhv var" (Amma kimdə?)

Nümunə: 404 Not Found (Səhifə Tapılmadı)

Görünməyən kodlardan, yəni o arxa planda çalışan, hər şeyin qaydasında olduğunu bizə pıçıldayan kodlardan keçdik artıq ekranda görünən kodlara. Məqaləmizdə nə yazmışdıq? Əgər bir şeylər tərs gedərsə, deməli kodları ekranda görəcəyik elə deyilmi? İndi isə keçirik görünən rəqəmlərə. 
Yəni xəta kodlarına. Tam olaraq bu xəta kodu deyən zaman bu kimdən qaynaqlanır? Yəni xətanı kim edir burada? Biz istifadəçilər, yoxsa daxil olduğumuz saytın rəhbərliyi? Bu tam olaraq kimdən qaynaqlanır?

Loru dildə desək: Təsəvvür edin ki, kimsə sizə bir ünvan verib və avtomobillə həmin küçəyə daxil olursunuz. Sizə mütləq bu yolla getməyiniz tapşırılıb. Amma gedib görürsünüz ki, küçənin sonu uçurumdur, qabaqda yol çöküb, ev və ya yaşayışdan əsər-əlamət yoxdur. Gözlədiyiniz nəticəni ala bilmədiyiniz üçün o boşluğun qarşısında məcbur dayanıb geri qayıdırsınız.

Bunu indi internetə tətbiq edək: Burada həmin o "küçə" sizin daxil olduğunuz linkdir. İnternet serveri isə o "çökmüş, boş yolu" görəndə sizə qayıdıb deyir ki: "Axtardığınız ünvan burada yoxdur". Məqalənin başlığında "Səhv var (Amma kimdə?)" bu sözü qeyd etməyimə səbəb isə budur.

İndi isə təsəvvür edin ki, sizə o ünvanı verən adama (sayt rəhbərliyinə) zəng edirsiniz: "Bəs mənə dediyin ünvana gəldim, bura bomboş ərazidir, mən nə edim?" Həmin adamın sizə verəcəyi iki cavab ehtimalı var:

1- "Ayy, bağışla, o evi biz oradan sökmüşük, yadımdan çıxıb sənə xəbər verim." (Yəni sayt rəhbərliyi səhifəni silib, amma linkini internetdə unutduğu üçün siz o qırıq linkə daxil olmusunuz).

2- "Mən sizə sağa dönməli olduğunuzu demişdim, siz sola dönmüsünüz." (Yəni xətanı siz etmisiniz, brauzerdə linki yazanda hərfləri səhv vurmusunuz).

Baxın, 404-ün bütün məntiqi budur. İndi isə gəlin bu məsələyə texnoloji qaydada baxaq. Amma texniki detallara keçmədən öncə əminəm ki, zehninizdə çox haqlı və məntiqi bir sual yarandı: "Axı biz yuxarıdakı sətirlərdə '301 Moved Permanently' (Daimi Köçürülmə) deyə bir əmrin olduğunu oxuduq. Əgər sayt rəhbərliyi o məqaləni silibsə və ya yerini dəyişibsə, niyə 301 kodu bizi avtomatik olaraq başqa yola yönləndirmədi? Niyə bizi bu boş küçədə (404 xətasında) çarəsiz qoydu?" 

Bunun cəmi bir səbəbi var: Sayt rəhbərliyi o "yol nişanını" qoymağı unudub! Sayt rəhbəri köhnə məqaləni siləndə serverə deyir ki: "Bura gələnləri avtomatik yeni məqaləyə apar." Bu, küçənin girişinə "Yol bağlıdır, qonşu küçədən davam edin" nişanı qoymaq kimidir. Sayt rəhbəri məqaləni silir, amma serverə heç nə demir. Küçənin girişinə nişan qoyulmadığı üçün siz o yola daxil olursunuz və yolun ortasında çöküntü ilə qarşılaşırsınız.


5xx-lə başlayanlar: "Mən xarab oldum"

Nümunə: 500 Internal Server Error və ya 503 Service Unavailable

Baxın, bu kodları ekranda görəndə dərin bir nəfəs ala bilərsiniz. Çünki burada günahı özünüzdə axtarmağa qətiyyən ehtiyac yoxdur. 5-lə başlayan bütün xətalar birbaşa saytın özündən və ya onun yerləşdiyi serverdən (o nəhəng kompüterdən) qaynaqlanır. Sizin internetiniz əla ola bilər, kompüteriniz saat kimi işləyə bilər, amma qarşı tərəf "təslim olub".

Loru dildə desək: Təsəvvür edin ki, evinizdə işığı yandırmaq üçün düyməni sıxırsınız. Amma işıq yanmır. Siz lampanı yoxlayırsınız lampa sağlamdır. Şnuru yoxlayırsınız hər şey yerindədir. Sonra pəncərədən çölə baxırsınız və görürsünüz ki, bütün məhəllədə işıqlar sönüb, çünki mərkəzi elektrik yarımstansiyasında qəza baş verib. İnternetdə də 5xx xətası məhz həmin mərkəzi qəzadır. Siz "düyməni sıxırsınız" (sayta girirsiniz), amma o tərəfdəki "stansiya" (server) enerjini və ya məlumatı ötürə bilmir.

Bu nə zaman baş verir?

Həddindən artıq yüklənmə: Sayta eyni anda o qədər adam daxil olur ki, serverin "beyni" çökür və cavab verə bilmir. 
Texniki nasazlıq: Saytın daxili sistemində bir-birilə dalaşan kodlar var və server nə edəcəyini qarışdırıb. 
Təmir işləri: Serveri yeniləyirlər və ya təmizləyirlər, ona görə də müvəqqəti olaraq "qapıları" bağlayıblar.


Gördüyünüz kimi, internet əslində bir-birilə dayanmadan pıçıldaşan kompüterlərin böyük bir şəbəkəsidir. Bu 3 rəqəmli kodlar isə o şəbəkənin yol nişanlarıdır.

Artıq növbəti dəfə ekranda bir rəqəm görəndə təşvişə düşməyəcəksiniz. Çünki bilirsiniz: 4-ü görəndə ünvanı yoxla, 5-i görəndə isə arxaya yaslan və gözlə. 
Bu gizli dili bilmək sizi adi istifadəçidən pərdəarxasını anlayan şüurlu bir oxucuya çevirir.

Növbəti məqalələrdə görüşənədək!

Fikirləriniz mənim üçün önəmlidir

Rəylərinizdə etik qaydalara və qarşılıqlı hörmətə diqqət yetirməyiniz xahiş olunur.

Daha yeni Daha eski