
Biz bütün bu sehrli dünyaya haradan baxırıq? O serverdəki kodları, şəkilləri bizim qarşımıza kim gətirir?
Bəli, söhbət hər gün telefonumuzda və ya kompüterimizdə bəlkə də yüz dəfə kliklədiyimiz o proqramlardan — Brauzerlərdən (Veb Səyyahlardan) gedir. Məsələn: Google Chrome, Safari, Microsoft Edge, Opera və ya Mozilla Firefox.
Bəs yaxşı, brauzer əslində nədir və o olmasa nə baş verərdi? Gəlin ən loru dildə izah edək.
Brauzer Əslində Bir "Tərcüməçidir"
Ötən məqalələrimizdə öyrəndik ki, kompüterlər yalnız 0 və 1-lərlə ünsiyyət qurur, serverlər isə veb-saytları bizə tonlarla qəliz kodlar şəklində (HTML, CSS, JavaScript) göndərir.
Təsəvvür edin ki, uzaqdakı bir serverdən sizin cihazınıza belə bir kod gəlir:
<button style="background-color: red;">Kliklə</button>
Siz ekranda bu yazını görsəniz, yəqin ki, heç nə başa düşməzsiniz və sayt sizin üçün çox darıxdırıcı olar. Bax, brauzer tam bu məqamda işə düşür. O, serverdən gələn o quru, cansız kodları götürür, saniyənin mində birində oxuyur və vizual olaraq tərcümə edir. Sizin ekranda gördüyünüz isə sadəcə üzərində "Kliklə" yazılmış gözəl, qırmızı bir düymə olur.
Loru dildə desək: Server xarici dildə danışan bir aşpazdırsa, Brauzer onun bişirdiyi yeməyi və resepti sizin başa düşəcəyiniz dilə çevirən, önünüzə gözəl bir süfrə kimi açan o mükəmməl tərcüməçidir.
O olmasaydı, biz internetə baxanda rəngli şəkillər yox, sadəcə milyonlarca qəliz kod sətirləri görərdik.
Brauzer Necə İşləyir?
Siz brauzerin ünvan panelinə (məsələn, google.com) yazıb Enter düyməsini sıxanda, o saniyə brauzeriniz belə bir zəncirvari reaksiya başladır:
DNS-dən ünvanı soruşur: İlk öncə gedib o məşhur telefon kitabçasından yazdığınız saytın IP rəqəmlərini tapır.
Serverin qapısını döyür: Həmin IP ünvanındakı serverə müraciət edir: "Müştərim bura gəlmək istəyir, mənə saytın sənədlərini ver!"
Kodları yükləyir və "Bişirir": Serverdən gələn bütün şəkilləri, mətnləri və dizayn kodlarını daxili yaddaşına yığır.
Ekrana çıxarır: Həmin kodları vizual formaya salıb sizin qarşınıza qoyur.
"Kuki" (Cookie) Nədir? Brauzerin Şirin Yaddaşı
Brauzerlərin ən maraqlı xüsusiyyətlərindən biri də onların Kuki (Cookie — ingiliscədən tərcümədə peçenye) adlanan daxili yaddaş sistemləridir.
Təsəvvür edin ki, hər gün getdiyiniz bir kafe var. Qapıdan girən kimi ofisiant sizin adınızı bilir və soruşmadan sevdiyiniz kofeni gətirir. Çünki sizi tanıyır.
Bax, brauzerlərdəki kukilər də elə bu işi görür. Siz bir sayta girib parolunuzu yazanda, dil seçimini edəndə, brauzer o sayta aid kiçik qeydləri (peçenyeləri) öz yaddaşına atır. Növbəti dəfə həmin sayta girəndə artıq sizdən yenidən parol istəmir, sizi qapıdan tanıyır və daxil edir.