Ötən məqalələrimizdə öyrəndik ki, internetdə hər şey rəqəmlər üzərində qurulub. Hər bir cihazın, hər bir saytın bir "ev ünvanı", yəni IP ünvanı var (məsələn: 142.250.185.78).
Amma gəlin dürüst olaq: Siz ən son nə vaxt kiməsə zəng edəndə şəxsin nömrəsini rəqəm-rəqəm əzbərdən yığmısınız? Yəqin ki, çoxdan. Yığmağımız bir yana, hətta bəzən nömrələri belə unuduruq elə deyilmi? Hətta nömrə bir yana, operatorun kodunu belə unuduruq. "051"-dən idi ya necə deyə düşündüyümüz anlarda olur. Bəzən yanlış yığdığmız nömrələrdə olur. Unutmamaq üçün nə edirik? Nömrəni qeyd edib adlandırırıq elə deyilmi? Axı bir nəfərin nömrəsini qeyd etmirik ki cihazımıza.
Biz sadəcə telefonda misal üçün "Servis" yazıb axtarış veririk, telefonun yaddaşı isə arxa planda o ada uyğun nömrəni tapıb zəngi başladır.
Baxın, DNS (Domain Name System) internetin tam olaraq həmin o yaddaş kartıdır, çox böyük bir telefon rəhbəridir ki, bütün dünyanı bir-birinə bağlayır.
Təsəvvür edin ki, səhər yuxudan oyanırsınız və dünyadakı bütün DNS sistemləri sıradan çıxıb.
İnternet əslində yerindədir, modem çalışır, serverlər sönməyib. Amma siz brauzerə google.com yazırsınız açılmır, instagram.com yazırsınız tapılmır.
Mövzumuza keçməmişdən öncə gəlin "DNS"-yəni, "Domain Name System"-adının mənasını öyrənək, sonra isə keçid alaq mövzumuza.
İngiliscə bu sizə qəliz səslənə bilər, amma gəlin bu üç sözü bir-bir parçalayaq ki, heç bir qaranlıq məqam sizlərə qalmasın.
1-Domain (Domen) – Sahə / Məkan
İnternet şəbəkəsində müəyyən bir IP ünvanına bağlanmış, sərhədləri müəyyən edilmiş rəqəmsal məkandır.
Bu internetdəki həmin saytı, portalı çalışdıranların bir növ "torpaq sahəsi" və ya "obyektidir".
Real həyatda kafe açmaq üçün və ya bir ev tikmək üçün necə torpaq və ya məkan icarəyə götürürsünüzsə, o sahənin sahibinə çevrilirsinizsə, internetdə də sayt açmaq üçün "Domen" (yəni bir sahə) olmalıdır. Misal üçün: hal hazırda bizim bloqun domen uzantısı .digital-dır.
Bu domen uzantısı, .az, .com, .net, -də ola bilərdi.
Bəs domen adını saytı hazır edən şəxslər əldə etməsəydi saytı hazırlaya bilməzdilər? Mütləq şəkildə onlar buna məcburdular? Misal bu məqaləni oxuyan bir tanışınızın saytı var və o iddia edə bilər ki mən heç bir domen adına görə ödəniş etmirəm. Bəli, ödəniş etməyə bilər. İnternetdə yetərincə ödənişsiz domen adları var amma bu o demək deyilki sahib ola bilməz. Mütləq şəkildə o domen adına sahibdir. Domen haqqında daha ətraflı məlumat oxumaq istəsəniz aşağıdaki linkdən oxuya bilərsiniz.
2- Name (Ad) – Obyektin Adı
Həmin o domen sahəsinə verilən, insanların oxuya biləcəyi (human-readable) simvolik mətn etiketidir.
Təsəvvür edin ki kimsə bir kafe açıb və qapısına bir "lövhə" asıb. Məkanı, (domeni) alan zaman, qapısına da məkanın adı yazılır ki insanlar o adla həmin məkanı tanısınlar. Əgər bu ad olmasaydı, müştərilər sizin kafenizə gəlmək üçün obyektin adını yox, uzun-uzadı kordinatlarını (IP rəqəmlərini) əzbərləməli olacaqdılar.
3.System (Sistem) – Nəzarət Mexanizmi
Bütün bu domen adlarını və onlara uyğun gələn IP ünvanlarını iyerarxik qaydada saxlayan, idarə edən və sorğuları cavablandıran qlobal məlumat bazasıdır.
Bütün bu dükanların, obyektlərin qeydiyyatını aparan və müştəriyə yol göstərən o nəhəng "Məlumat Bürosu"dur. Siz "Mənə Filan kafe lazımdır" deyəndə, bu "Sistem" o saniyə arxivə baxıb sizə həmin kafenin dəqiq ünvanını (rəqəmlərini) verir.
İndi isə gəlin qaldığımız yerdən davam edək və dahada dərinliyinə enək mövzunun ki bizə heçnə qaranlıq qalmasın.
Misal üçün. Facebook.com yazan zaman brauzerimizin ünvan panelinə gedib, arxa plandakı rəqəmlərə müraciət edərək ekranda səhifəni göstərir. DNS olmasaydı, internetdən istifadə etmək üçün cibinizdə minlərlə rəqəmdən ibarət qalın bir dəftər gəzdirməli və ya bu rəqəmləri əzbərləməli olacaqdınız.
Misal üçün, Facebook-a girmək üçün brauzerə bu rəqəmləri yazmalı idiniz: 157.240.22.35
Əslində indi də yazıb yoxlaya bilərsiniz, lakin böyük ehtimalla çalışmayacaq. Yəni siz Facebook-dan bu cür istifadə edə bilməyəcəksiniz. Ola bilər hər hansı bir xəta səhifəsi açılsın, sizi hər hansı bir status kodu qarşılasın. Bunun da səbəblərini bir azdan izah edəcəyəm. Əslində çalışan, birbaşa rəqəmlə girişə açıq buraxılan saytlar da var, amma bu o demək deyil ki, bu bir təsadüfdür. Xeyr. Gəlin mövzumuzun dərinliyinə doğru enək.
Gəlin bu axtarış prosesini nəhəng bir kitabxanada işləyən "Kitabxanaçı" misalı ilə izah edim sizlərə.
Siz brauzerə facebook.com yazanda saniyənin mində biri qədər qısa müddətdə bu hadisələr baş verir:
Cihazın Yaddaşı (Cache)
Cihazınız əvvəlcə öz daxili yaddaşına baxır: "Görəsən, bu adam yaxınlarda Facebook-a girib? Məndə onun rəqəmi (IP-si) hazırdır?"
Tapsa nə baş verəcəkdi bəs? Yəni misal üçün mən öncə brauzerimdə o adı yazmışam və Facebook-a daxil olmuşam. Proses elə o saniyə, yerindəcə bitir. DNS axtarışına (o dediyimiz "Kitabxanaçı"lara, şöbələrə) ümumiyyətlə ehtiyac qalmır.
Loru dildə desəm, təsəvvür edin ki, bir servis xidməti var və siz o servisə zəng etmək istəyirsiniz. Telefonun kontaktlarına girirsiniz və görürsünüz ki, nömrə artıq oradadır. Daha gedib 109-a (məlumat bürosuna) zəng edib "Filan servisin nömrəsi neçə idi?" deyə soruşmursunuz, elə deyilmi? Birbaşa "Zəng et" düyməsini basırsınız.
Cihazınız da eyni şeyi edir. Yaddaşında o rəqəmi tapan kimi vaxt itirmir, dərhal işə keçib o ünvana müraciət edir. (Bu proseslərin texniki olaraq necə baş verdiyini daha ətraflı aşağıdakı linkdən oxuya bilərsiniz).
Əgər o sayta ilk dəfə girirsinizsə və ya cihazın yaddaşında o rəqəm yoxdursa nələr baş verəcəkdi? Ümumiyyətlə, biz brauzerimizə hər hansı bir saytın adını yazıb axtarış verəndə cihaz yaddaşda nömrəni tapmasa, "Böyük Kitabxanaçı"ya gedən yol necə işləyir?
1- DNS Resolver (Sizin İnternet Provayderiniz)
Cihazınızın yaddaşında heç nə tapılmadıqda, ilk müraciət edilən yer sizin internet provayderiniz (məsələn, evinizə internet verən şirkət) olur.
O, sizin şəxsi "köməkçi kitabxanaçınızdır".
Soruşur: "Müştərim facebook.com-u axtarır, nömrəsi səndə var?"
Əgər o da bilmirsə, müraciəti göndərir ən böyük mərkəzə.
2- Root Server
Bu, dünyanın ən böyük rəqəmsal arxividir. O hər saytın nömrəsini əzbər bilmir, amma kimin bildiyini çox yaxşı bilir. Sizin köməkçi kitabxanaçıya deyir: "Mən tam ünvanı bilmirəm, amma görürəm ki, axtardığın sayt .com ilə bitir. Sən ən yaxşısı get ".com" şöbəsindən soruş!"
3- TLD Server
Kitabxanaçınız yollanır və bu şöbə deyir: "Aha, facebook.com! Onların rəsmi qeydiyyat faylı məndədir. Sən onlara məxsus olan rəsmi arxivi tapmalısan. Ünvanı budur, get birbaşa özlərindən soruş."
4- Authoritative Nameserver
Nəhayət, kitabxanaçınız Facebook-un öz rəsmi DNS serverinə çatır və soruşur: "Sizin IP ünvanınız neçədir?" O da cavab verir: "Buyur, nömrəmiz 157.240.22.35-dir!"
Kitabxanaçınız bu rəqəmi sevinə-sevinə sizin cihazınıza gətirir. Brauzeriniz isə həmin saniyə (IP) yola salır və səhifə ekranda açılır. Ən qəribəsi də odur ki, biz fərqinə belə varmadan, bütün bu dörd pilləli dünya səyahəti saniyənin mində biri qədər qısa bir müddətdə baş verir.
Bir sözlə, DNS olmasaydı, internet bugünkü kimi asan olmazdı; sadəcə uzun rəqəmlərdən ibarət darıxdırıcı və yorucu bir labirintə çevrilərdi.
Bizi bu rəqəm əsarətindən xilas edən görünməz qəhrəmanımızla da tanış olduğumuza görə, artıq internetin pərdəarxası dünyasını daha aydın görürük.
Unutmayın, bu gün internetdə hara gedirsinizsə gedin, sizi mənzil başına aparan bələdçi məhz DNS-dir.
Növbəti məqalələrdə görüşənədək!
