1. 100 Continue (Davam et)
Nə deməkdir? Server deyir ki: "Sorğunun ilk hissəsi mənə çatdı, hər şey qaydasındadır. Dayama, qalan məlumatları da göndər."
Misal: Təsəvvür edin ki, böyük bir yük maşını ilə anbara gəlmisiniz. Mühafizəçi (Server) sizi qapıda saxlayır, əvvəlcə yüklərinizə baxır və anbarda boş yer olub-olmadığını yoxlayır. Əgər hər şey qaydasındadırsa, "Davam et, yükü boşalda bilərsən" deyir. Əgər anbarda yer olmasaydı, siz o boyda yükü boşuna maşından boşaltmış olacaqdınız.
Harada istifadə olunur? Bu kod adətən çox böyük həcmli fayllar (məsələn, 5-10 GB-lıq videolar) yükləyəndə işə düşür. Brauzer əvvəlcə serveri yoxlayır və deyir: "Mən bu boyda fayl göndərirəm, sənin onu qəbul etməyə gücün və yerin varmı?". Server "100" cavabını verirsə, yükləmə başlayır. Bu da internet trafikinə və vaxta qənaət edir.
2. 101 Switching Protocols (Protokolların Dəyişdirilməsi)
Nə deməkdir? Server brauzerin "gəl daha sürətli dildə danışaq" təklifini qəbul etdiyini bildirir.
Misal: Məqaləmizdəki WhatsApp mesajlaşmasından səsli zəngə keçid misalı məhz budur. Köhnə üsulu atıb, daha sürətli "canlı xəttə" keçirik.
Harada istifadə olunur?
Canlı Çat və "Yazır..." Bildirişləri: WhatsApp-da və ya digər çatlarda qarşı tərəfin "Yazır..." (Typing...) olduğunu görməyiniz üçün server sizin brauzerinizə anlıq pıçıldamalıdır.
Kriptovalyuta və Birja saytları: Bitcoin-in qiyməti saniyədə bir neçə dəfə dəyişir. Siz səhifəni yeniləmədən o rəqəmlərin qırmızı-yaşıl yanıb-sönməsini məhz bu "sürətli keçid" təmin edir.
Onlayn Oyunlar: Təsəvvür edin ki, onlayn döyüş və ya futbol oyunu oynayırsınız. Siz düyməni sıxan kimi hərəkətiniz digər oyunçulara anında çatmalıdır. Əgər 101 kodu ilə sürətli protokola keçid olmasa, siz düyməni sıxandan 2 saniyə sonra oyunçu hərəkət edərdi ki, bu da oyunun sonu deməkdir.
3. 102 Processing (Emal olunur)
Nə deməkdir? Server deyir: "Sorğunu tam aldım, hazırda üzərində işləyirəm. Amma işim bir az çoxdur, xahiş edirəm 'bağlantı kəsildi' deyib səhifəni bağlama, bir az gözlə."
Misal: Dövlət idarəsində sənədlərinizi təqdim etmisiniz, içəridəki məmur qapıya çıxıb deyir: "Sənədləri götürdüm, içəridə qeydiyyata salıram, bir az dəhlizdə gözləyin, bitəndə çağıracam."
Harada istifadə olunur? Çox böyük arxivlərin yaradılması və ya mürəkkəb hesablamalar tələb edən saytlarda.
4. 103 Early Hints (İlkin İpucları)
Nə deməkdir? Server hələ əsas səhifəni tam hazırlamayıb, amma brauzerə deyir: "Mən içəridə işimi bitirənə qədər sən vaxt itirmə, bu şəkilləri və dizayn fayllarını indidən yükləməyə başla."
Misal: Siz restoranda yemək gözləyərkən, ofisiantın yeməkdən qabaq masaya çörək və su gətirməsi kimidir. Əsas yemək hələ hazır deyil, amma siz su içməyə başlayırsınız.
Harada istifadə olunur? Saytın açılış sürətini (LCP) artırmaq üçün istifadə olunan ən müasir texnologiyadır.
Niyə 104, 105 və ya 199 yoxdur?(Bu digər status kodları üçündə gerçərlidir)
Status kodları sistemi elə qurulub ki, ehtiyac yarandıqca yeni kodlar əlavə edilsin. Hazırda internetin sürəti və tələbləri üçün bu 4 kod kifayət edir. Digər rəqəmlər isə "rezerv olunub".
Yəni bəlkə 10 il sonra internet elə bir yerə gələcək ki, yeni bir pıçıldaşma növünə ehtiyac duyulacaq və o zaman 104 koduna bir məna yükləyəcəklər.