Əvvəlcə bir şeyi qeyd edim: mən psixoloq deyiləm. Bu yazdıqlarım hər hansı psixoloji diaqnoz və ya elmi nəticə deyil. Sadəcə insanları, onların davranışlarını və illər ərzində ətrafımda gördüyüm hadisələri müşahidə edərək formalaşdırdığım düşüncələrdir.
Mənə görə insanın daxilində çox dərin bir ehtiyac var:
Bu, ilk baxışdan sadə görünə bilər. Amma bir az düşünəndə görürsən ki, insan həyatının müxtəlif dövrlərində bu cümləni çox fərqli yollarla deyir. Bəzən bunu sözlə deyir, bəzən davranışı ilə, bəzən yaratdığı bir şeylə, bəzən isə heç özü də fərqinə varmadan.
Mən bunu ən çox məktəb illərində müşahidə etmişəm.Məsələn, sinifdə sakit, özünə qapalı, çox adamla ünsiyyət qura bilməyən uşaqlar olur. Digər uşaqlar məktəbə gələndə dünən başlarına gələnlərdən, evdə nə etdiklərindən, kimlə harada olduqlarından danışırlar. Söhbət edirlər, gülürlər və bir-birlərinin həyatının kiçik bir hissəsinə çevrilirlər.
Amma hər uşaq bunu bacarmır.Bəzən bir uşaq həmin söhbətlərin içində özünə yer tapa bilmir. Nə danışacağını bilmir, zarafatları başa düşülmür, fikirlərinə maraq göstərilmir. Və insanın çox sadə bir ehtiyacı ortaya çıxır: söhbətin bir hissəsi olmaq. Eşidilmək.
Bir sinif yoldaşımı xatırlayıram. O, məktəbə gələndə adi söhbətlərdən çox, qəribə və inanılması çətin hadisələr danışmağa başlayırdı. “Yolda dörd nəfər qarşıma çıxdı, dalaşdım”, “birinə belə vurdum, o birisi ilə belə oldu” və buna bənzər hekayələr. Zaman keçdikcə başa düşdük ki, bu hadisələrin çoxu həqiqət deyildi. Amma mən həmin vaxt bunu sadəcə “yalan danışır” kimi görmürdüm.
Mənə daha maraqlı gələn başqa bir sual idi: Niyə insan adi həqiqətlərdən danışmaq əvəzinə belə hekayələr uydurur? Bəlkə də cavab çox sadədir. Çünki həqiqi həyat ona söhbətə qoşulmaq üçün kifayət qədər maraqlı görünmürdü. O isə özünə bir hadisə yaradırdı ki, danışmağa mövzusu olsun.
Əslində demək istədiyi “Mən buradayam, mənimlə də danışın” idi. Bu, “mən buradayam” çağırışının ilk formalarından biri ola bilər.
Amma insan böyüdükcə bu çağırış da dəyişir. Yeniyetməlik və gənclik dövründə artıq insan yalnız söhbətə qoşulmaq istəmir. O, özünü göstərmək, bacarığını sübut etmək, öz fikrinin dəyərli olduğunu hiss etmək istəyir.
Burada eyni ehtiyac iki tamamilə fərqli istiqamətə gedə bilər.Bir insan özünü ifadə etmək üçün dil öyrənə bilər, musiqi ilə məşğul ola bilər, rəsm çəkə bilər, proqram yaza bilər, bir layihə hazırlaya bilər. Yəni içində olanı ortaya qoyar və sanki deyər: “Mən buradayam.
Mən bunu düşünmüşəm. Mən bunu yaratmışam. ”Başqa bir insan isə eyni ehtiyacı daha dağıdıcı şəkildə ifadə edə bilər. Davaya qarışa, aqressivləşə, qaydaları poza və bununla diqqət çəkməyə çalışa bilər.
Yəni ehtiyac eyni ola bilər, amma insanın seçdiyi yol fərqlidir.Burada daha təhlükəli bir mərhələ də ortaya çıxa bilər. İnsan özünü cəmiyyətin içində eşidilməmiş, kənarda qalmış hiss etdikcə, başqalarının diqqətini başqa üsullarla özünə çəkməyə başlaya bilər. Bəzən bu, manipulyativ davranışlara qədər gedib çıxa bilər.
Mən manipulyasiyanı da avtomatik olaraq “pis insan davranışı” adlandırmaq istəmirəm. Çünki bir insanın digərinə təsir göstərməsi həyatın özündə də var. Problem təsirin hansı məqsədlə və hansı yolla göstərilməsindədir.
Əgər insan qarşı tərəfin hisslərindən, zəifliyindən və etibarından istifadə edərək ondan pul, maraq və ya başqa bir mənfəət əldə etməyə çalışırsa, artıq burada məsələ tamam başqa yerə gedir.Belə vəziyyətlərdə insan bəzən müxtəlif hekayələr qurur, özünü haqlı göstərir, qarşı tərəfin duyğularına toxunur və onu yenidən özünə yaxınlaşdırmağa çalışır.
Burada “mən buradayam” çağırışı artıq sadəcə eşidilmək deyil, qarşı tərəfin davranışını öz xeyrinə dəyişdirmək cəhdidir.
Və məhz burada çox vacib bir şeyi unutmamaq lazımdır: Hər “mən buradayam” çağırışına cavab vermək məcburiyyətində deyilik.
Çünki qarşımızdakı insanın həqiqətən köməyə, söhbətə və anlaşılmağa ehtiyacı ola bilər. Amma başqa bir insan da bizim mərhəmətimizdən istifadə etməyə çalışa bilər.
Bunu ayırd etmək həmişə asan deyil.Bir də həyatın başqa bir mərhələsi var. İnsan yaşlandıqca bəzən “mən buradayam” deməyin daha səssiz yolları ortaya çıxır. İnsan var olmayan xəstəliyindən, başına gələn hadisələrdən, mövcud olmayan təhlükədən danışır. Bəzən özünü həqiqətən pis vəziyyətdə hiss edir, bəzən isə özü də fərqinə varmadan bu vəziyyəti ətrafındakı insanların diqqətini yenidən özünə yönəltmək üçün istifadə edir.Burada da dərhal “manipulyatordur” demək mənə doğru gəlmir.
Çünki insan bunu həmişə şüurlu şəkildə etmir. Bəzən sadəcə uzun müddət diqqətdən kənarda qaldığını hiss edir və onun içində yenidən eyni ehtiyac yaranır: “Məni unutmayın. Mən hələ də buradayam.”Bəlkə də bütün bunların kökündə çox sadə bir insan ehtiyacı dayanır: görülmək, eşidilmək və öz varlığının başqaları üçün hiss olunmasını istəmək.
Amma həyat bizə bir şeyi də öyrədir: bu ehtiyacı necə ifadə etdiyimiz çox şey dəyişir.Bir insan özünü yaratdığı əsərlə göstərə bilər, digəri söhbətlə, biri sevgisi ilə, digəri yaxşılığı ilə. Başqa biri isə bunu yalanla, aqressiya ilə və ya başqasının hisslərindən istifadə etməklə edə bilər.Ona görə məncə məsələ “mən buradayam” deməyin özündə deyil.Əsas məsələ insanın bunu necə deməsidir.Və bəlkə də daha vacib olan budur: qarşımızdakı insan “mən buradayam” deyəndə onu eşitmək, amma hər dəfə onun çağırışına kor-koranə cavab verməmək.
Çünkü bəzən bir insanın ehtiyacı sadəcə eşidilməkdir, bəzən isə bizim sərhədimizi qorumağımız daha doğrudur.
Bu məqamda maraqlı bir nümunə kimi Mark Zuckerberg-in Harvard illərində yaşadığı hadisəni də xatırlamaq olar.
Zuckerberg hələ Facebook-u yaratmamışdan əvvəl, 2003-cü ildə Harvardda Facemash adlı bir sayt hazırlamışdı. Bunun üçün universitetin müxtəlif tələbə evlərinin onlayn kataloqlarındakı tələbə şəkillərini icazəsiz şəkildə əldə etmiş, sonra isə həmin şəkilləri saytında cüt-cüt göstərərək istifadəçilərdən hansının daha “cəlbedici” olduğunu seçmələrini istəmişdi. Sayt çox qısa müddətdə böyük diqqət çəkdi və Zuckerberg universitetin inzibati şurasının qarşısına çıxarıldı.
Burada mənim üçün maraqlı olan Facemash-in özü deyil, bu hadisənin arxasında dayanan davranışdır. Zuckerberg sadəcə bir proqram yazıb otağında saxlamadı. O, hazırladığı şeyi insanların qarşısına çıxardı və bununla böyük bir reaksiyaya səbəb oldu. Əlbəttə, onun davranışının etik və hüquqi problemləri var idi və tələbələrin şəkillərindən icazəsiz istifadə etməsi ciddi məsələ idi. Amma eyni hadisəyə başqa tərəfdən baxanda gənc bir insanın “Mən bunu bacarıram və bunu göstərəcəyəm” deməsi də görünür.
Hətta həmin dövrdə Zuckerberg özü proqramlaşdırma və alqoritmlərlə maraqlandığını, Facemash-in yaradılmasında əsas marağının proqramın işləmə prinsipi olduğunu deyirdi.
Sonradan isə başqa bir şey baş verdi. Facemash-in yaratdığı qalmaqaldan sonra Zuckerberg Harvard tələbələri üçün daha faydalı ola biləcək bir onlayn şəbəkə yaratmağa başladı və 2004-cü ilin əvvəlində thefacebook.com istifadəyə verildi.
Yəni eyni insanda “mən buradayam” ehtiyacının iki fərqli ifadəsini görə bilərik: əvvəlcə diqqət çəkən, sərhədləri aşan və problemlər yaradan bir layihə; daha sonra isə insanların istifadə etdiyi böyük bir platformaya çevrilən başqa bir layihə.
Bəlkə də burada əsas məsələ budur: insanın içində olan “mən buradayam” ehtiyacı yox olmur. Sadəcə zaman keçdikcə onun necə ifadə olunacağı dəyişir.
Biri bunu dağıdaraq göstərir, biri özünü sübut etməklə, digəri isə nəsə yaradaraq.
Və bəzən insanın həyatındakı ən böyük dəyişiklik də məhz burada başlayır: “Mənə baxın” deməkdən “Mən sizə nəsə göstərə bilərəm” deməyə keçəndə.
