Andrey Tarkovski kimdir?


Bu sətirləri yazmağa başlayanda barmaqlarım klaviatura üzərində bir anlıq donub qaldı. Ekrana baxıb yazdıqlarımı təkrar-təkrar oxudum və içimdən bir səs mənə dedi ki, bir insanın bütöv bir ömrünü, ağrılarını və sənətini bir neçə quru sətirə sığdırmaq sadəcə haqsızlıqdır. Düzünü desəm, bəzən uzun-uzadı qurduğum cümlələri silib, mətni qısaltmağımın tək bir səbəbi var idi: insanların uzun yazıları oxumaqdan bezəcəyi qorxusu.

Amma sonra dərin bir nəfəs alıb anladım ki, bu düşüncə kökündən yanlışdır. Öz daxili dünyama, şəxsi fikirlərimə bu cür komplekslərlə, qorxularla yanaşacaqdımsa, cümlələrimi kiminsə səbrinə görə kəsib-doğrayacaqdımsa, onda bu bloqu niyə yaradırdım? Axı insanlar buraya məhz mənim pəncərəmdən dünyaya baxmaq, mənim fikirlərimi duymaq üçün gəlirlər. Bir yazının uzun və ya qısa olması əslində çox absurd bir ölçü vahididir. Təsəvvür edin, bir yazıçı illərini verib roman yazır və bitirəndə deyir ki, "kaş bu qədər uzun yazmazdım". Xeyr, sənətin səhifə sayı olmur. 70 səhifəyə pis, 300 səhifəyə yaxşı demək olmaz. Əsl həqiqət budur: fikir harda tükənirsə, sözlər də orda susur; duyğu bitdiyi anda səhnənin işıqları sönür.

İndi isə gəlin qayıdaq əsl mətləbimizə. Bu dəfəki yazım əvvəlkilərə bənzəməyəcək, amma dərhal nəsə qeyri-adi, sarsıdıcı bir şey gözləməyin. Çünki böyük gözləntilər həmişə böyük məyusluqlar doğurur. Ötən yazılarımın birində qeyd etmişdim ki, sənətə, xüsusən də rejissorluğa qədəm qoyan gənclərə həmişə eyni məsləhəti verirlər: "Get, Tarkovskinin həyatını və filmlərini öyrən."

Bəs reallıqda nə baş verir? O gənc tələbələrdən neçəsi diplom işini yazarkən kənara çəkilib, "mən bu adamın filmlərini izlədim və öz içimdə bunları tapdım" deyə biləcək cəsarəti tapır? Çox azı. Əksəriyyəti sadəcə əzbərlənmiş, kütləviləşmiş o məşhur ifadənin arxasında gizlənir: "O, zamanın heykəltəraşıdır". Bəs sənin öz fikrin haradadır? Yeni bir baxış bucağı doğmayacaqmı? Bax, bu sətirlər məhz o doğulacaq yeni fikir, o oyanış üçün yazılır.

Tarkovskinin hekayəsi sadəcə bir bioqrafiya deyil, o, bir dövrün, bir qanın və sükutun hekayəsidir. Atası Arseni Aleksandroviç iyirminci əsrin ən böyük rus şairlərindən biri, anası Mariya İvanovna isə ədəbiyyat vurğunu olan bir korrektor idi. Onun damarlarında həm polyak zadəganlarının, həm də qədim rus dvoryanlarının qanı axırdı. Bu qarışıq, əsilzadə qan ona təkcə dünyaya qarşı o dəhşətli həssaslığı bəxş etməmişdi, həm də sovet rejiminin ağır repressiya illərində daimi bir təhlükə, gizlənmək məcburiyyəti gətirmişdi.

1937-ci ildə ata ailəni tərk edib getdi, arxasınca müharibənin dəhşətləri gəldi və o, cəbhədən yaralı qayıtdı. Balaca Andrey isə anası və bacısı ilə birlikdə Moskvanın soyuq küçələrində, yoxsulluqla üz-üzə böyüməyə məcbur oldu. Uşaqlığının ən kövrək illərində vərəmlə mübarizə apardı, aylarla xəstəxana palatalarında yatdı. O palataların qoxusu, soyuq divarları illər sonra ustadın "Güzgü" filmində kadr-kadr canlanaraq bütün dünyaya onun daxili ağrısını göstərəcəkdi. Məktəbdə hamının "problemli" adlandırdığı bu uşaq, əslində rəsmlərin və piano dillərinin arxasında öz səsini axtarırdı. Gənclik illərində ərəb dilini öyrənməyə cəhd etsə də, bu yolu yarımçıq qoydu və həyatını dəyişəcək o böyük qərarı səs-küylü şəhərdə deyil, Sibir tayqasının o dondurucu, sonsuz sükutunda, Kureyka çayının kənarında qızıl axtararkən verdi: o, film çəkəcəkdi.

1954-cü ildə kino institutuna qədəm qoyanda artıq daxilindəki fırtınanı kadrlarla necə ifadə edəcəyini bilirdi. Xruşşov dövrünün "mülayimləşməsi" ona Fellini, Bresson, Kurosava kimi dahilərlə qiyabi tanış olmaq fürsəti verdi və o, özünün o bənzərsiz, dərindən nüfuz edən poetik dilini yaratdı. Lakin böyük sənət həmişə böyük fədakarlıqlar tələb edir. İllər keçdikcə sovet bürokratiyasının sıxıcı divarları onu boğmağa başladı. "Nostalgiya"nı İtaliyada çəkərkən vətənindən gələn dəstək kəsildi, Kannda haqqı olan mükafatı almaması üçün kənardan müdaxilələr edildi. Bütün bunlar artıq bardağı daşıran son damlalar idi. O, 1984-cü ildə Milanda verdiyi o tarixi mətbuat konfransında titrəyən, amma qətiyyətli səslə dedi: "Mən sovet dissidenti deyiləm, siyasətlə işim yoxdur. Amma geri qayıtsam, məni susduracaqlar, işsiz qalacağam." Beləcə, o, vətənsizliyi, mühacirət həyatını seçdi.

Son əsəri olan "Qurban"ı İsveçdə çəkərkən ekranlarda bir apokalipsisi, dünyanın sonunu anladırdı. Halbuki əsl apokalipsis onun öz bədənində baş verirdi. Çəkiliş meydançasında "mən ölməzəm, ölümdən qorxmuram" deyən bu böyük ruh, həmin ilin sonunda amansız ağciyər xərçəngi ilə üz-üzə qaldı. 1932-ci ildə kiçik bir rus kəndində başlayan bu kəşməkeşli yol, 1986-cı ildə Parisdə başa çatdı. 54 illik qısa bir ömrə cəmi yeddi tammetrajlı film sığışdıra bildi. Amma bu yeddi film dünya kinosunun oxunu təməlindən dəyişməyə bəs etdi.

Bəs sən niyə onu izləməlisən? Niyə onun filmləri qarşısında saatlarla oturmalısan? Çünki Tarkovski səni əyləndirmək istəmir, sənə hazır cavablar vermir. O, ekranı sənin üzünə böyük bir güzgü kimi tutur. "İvanın uşaqlığı"na baxanda ekranda müharibəni deyil, öz itirilmiş məsumluğunu görürsən. "Güzgü"də ananın səsini eşidir, "Stalker"in o qaranlıq, rütubətli otaqlarında öz daxili qorxularınla üzləşir, "Qurban"da isə içində kimsəyə verə bilmədiyin o səssiz sözləri, duaları tapırsan.

Bəli, ehtimal ki, hamı xorla yenə eyni cümləni təkrarlayacaq. Amma sənin missiyan təkrarlamaq deyil, dayanmağı bacarmaqdır. Filmin ən təsirli yerində onu dayandır, baxışlarını ekrandan çək və pəncərədən bayıra bax. Sonra isə tam səmimiyyətlə özündən soruş: "Mən bu kadrda öz həyatımdan nəyi xatırladım?"

Əgər içindən gələn cavab "heç nə"dirsə, eybi yoxdur, deməli, hələ sənin vaxtın gəlməyib. Amma o sükutun içindən uşaqlıq evinizin qoxusu, atanızın illər əvvəlki səsi və ya unudulmuş bir duyğu boylanıbsa, o zaman bil ki, sən artıq sadəcə bir diplom işi yazmırsan. Sən həmin an öz daxili filminin rejissoruna çevrilirsən. Tarkovski də məhz buna görə mövcuddur: sənin beyninə başqalarının düşüncələrini yeritmək üçün deyil, səni öz həqiqətini, öz mənanı tapmağa məcbur etmək üçün.

Ona görə də, nə vaxtsa kimsə səndən "niyə məhz Tarkovskini seçdin?" deyə soruşsa, qürurla və dərindən bir nəfəs alaraq de:

"Çünki mən hələ bitməmişəm."

İndi isə icazə verin, mətni burada sonlandırım və sizi bu böyük ustadın vizual şeiriyyəti, o dərin sükutu ilə baş-başa buraxım.



Иваново детство  - İvanın Uşaqlığı (1962)


Tarkovskinin dünya kinosuna atdığı bu ilk böyük və sarsıdıcı addım, müharibə filmləri anlayışını kökündən dəyişdirən bir şahəsərdir. O vaxta qədər kino tamaşaçısı müharibəni sadəcə qanlı döyüş səhnələri, partlayışlar və qəhrəmanlıq dastanları vasitəsilə izləməyə öyrəşmişdi. 
Lakin Tarkovski kamerasını döyüş meydanlarına deyil, birbaşa müharibənin məhv etdiyi ən məsum şeyə kiçik bir uşağın, İvanın qəlpələnmiş psixologiyasına və parçalanmış şüuraltına tuşlayır. 

İvan artıq uşaq deyil; o, uşaqlığı əlindən zorla alınmış, içində qoca və qisasçı bir ruh gəzdirən kiçik bir əsgərdir. Rejissor reallığın o kəskin, palçıqlı və amansız tərəfi ilə İvanın gördüyü o lirik, işıqlı və sülh dolu yuxuları qeyri-adi bir kontrastla üz-üzə qoyur. 

Bu film qətiyyən xronoloji bir müharibə hekayəsi deyil; bu, müharibənin insan ruhunda açdığı sağalmaz yaraların, insanın daxilindəki itirilmiş cənnətin kinematoqrafik ağısıdır. "İvanın uşaqlığı", kino dilinin necə vizual bir poeziyaya çevrilə biləcəyinin ən ali sübutudur.

Filmin qısa anonsunu aşağıdaki linkdən izləyə bilərsiniz:







Андрей Рублёв - Andrey Rublyov (1966)


Hadisələrin XV əsr Rusiyasının o qaranlıq, qanlı və vəhşi dövründə cərəyan etdiyi bu əsər, dahi ikon rəssamı Andrey Rublyovun həyatından bəhs etsə də, heç vaxt adi bir tarixi bioqrafiya kimi qəbul edilə bilməz. Tarkovski burada sənətkarın sadəcə həyat faktlarını yox, onun mənəvi böhranını, "niyə yaradıram?" sualını tarixin ən ağır sınaqları qarşısında araşdırır. 

Ətrafda kütləvi qırğınlar, xəyanətlər, yoxsulluq və amansızlıq tüğyan edərkən, bir rəssam ilahi gözəlliyi və inancı necə kətana köçürə bilər? Film sənətkarın cəmiyyətdəki rolu, onun susqunluğu, daxili şübhələri və insanın bu qədər qəddar olduğu bir dünyada sənətin ümumiyyətlə hər hansı bir xilas gətirib-gətirməyəcəyi haqqında nəhəng bir fəlsəfi freskadır. 

Tarkovski bizə sübut edir ki, əsl sənət əsəri palçığın və əzabın içindən süzülüb gələn, ən çətin anlarda belə sönməyən daxili bir inancın təzahürüdür.

Filmin qısa anonsunu aşağıdaki linkdən izləyə bilərsiniz:






Солярис - Solaris (1972)


Əksər insanların sadəcə kosmik gəmilər və uzaq qalaktikalar haqqında standart bir elmi-fantastika kimi yanaşdığı "Solyaris", əslində insan ruhunun ən dərin qatlarına edilən dəhşətli bir səyahətdir. 

Uzaq və sirli Solyaris planetinin orbitindəki stansiyaya göndərilən psixoloq Kelvin, burada kosmosun yadplanetliləri ilə deyil, birbaşa öz keçmişi, vicdan əzabı və basdırdığı peşmanlıqları ilə qarşılaşır. Çünki Solyaris planeti daha doğrusu onun nəhəng, düşünən okeanı insanların şüuraltındakı ən gizli xatirələri, ən çox əzab çəkdikləri travmaları cisimləşdirib onların qarşısına çıxaran böyük bir güzgüdür.

Tarkovski bu filmlə müasir insanın texnoloji inkişafını bir kənara ataraq, onun mənəvi boşluğunu sorğulayır: İnsan kainatın sirlərini kəşf etməyə çalışır, amma hələ öz daxilindəki sirlərlə, vicdanı ilə necə başa çıxacağını bilmir. 

Filmin qısa anonsunu aşağıdaki linkdən izləyə bilərsiniz:






Зеркало - Güzgü (1975)


Kino tarixinin anlanması ən çətin, eyni zamanda vizual baxımdan ən sehrli və şəxsi filmlərindən biri. Tarkovski bu filmdə klassik, ardıcıl nağıl etmə metodundan tamamilə imtina edir. 
Biz ekranda konkret bir məntiqi zəncirlə bir-birinə bağlanan hadisələr yox, insan yaddaşının o xaotik, dumanlı və qırıq-qırıq fraqmentlərini izləyirik. 

Rejissor öz uşaqlıq xatirələrini, anasının heç vaxt unudulmayan simasını, mistik yuxuları və Rusiyanın tarixi sarsıntılarını bir şeir formasında bir araya gətirir. 

"Güzgü", tələsik cavablar axtaran, hər kadrda məntiq tələb edən və hər şeyi səthi qəbul edən tamaşaçı üçün deyil. O, baxılmaqdan çox, hiss edilməli olan, suyun şırıltısında, rüzgarın ağacları əyməsində və bir qadının baxışında bütöv bir ömrün hüznünü saxlayan kinematik bir xəyaldır. 
Bu film tamaşaçıdan onu anlamağı yox, onunla birlikdə xatırlamağı tələb edir.


Filmin qısa anonsunu aşağıdaki linkdən izləyə bilərsiniz:








Сталкер - Stalker (1979)


Fəlsəfi kinonun mütləq zirvələrindən hesab olunan "Stalker", insanın mənəvi xilas axtarışı haqqında ən qaranlıq, lakin ən təsirli dastanlardan biridir.

Hadisələr qadağan olunmuş, sirli "Zona" adlı bir məkanda cərəyan edir. Deyilənlərə görə, bu Zonanın düz mərkəzində yerləşən "Otaq" oraya daxil olan insanın ən gizli, ən səmimi arzusunu həyata keçirir. Bələdçi yəni Stalker, inancını itirmiş bir Yazıçını və rasional düşüncəli bir Professoru bu otağa doğru aparır. Lakin məsələ burasındadır ki, Otaq insanın dilinə gətirdiyi, eqosunun istədiyi arzuları yox, onun mənliyinin ən dərinliyində gizlənən, bəzən özünün belə etiraf etməkdən qorxduğu həqiqi istəyini gerçəkləşdirir. 

Buna kim cəsarət edə bilər? İnsan doğrudan da öz ən daxili həqiqəti ilə üzləşməyə hazırdırmı? Tarkovski inancın, şübhənin və modern insanın ruhani boşluğunun mənzərəsini vizual olaraq az qala tamaşaçını hipnoz edən bir ustalıqla yaradır. 

(Qeyd etmək yerinə düşər ki, bu möhtəşəm vizuallığın bədəli ağır oldu; illər sonra həkimlər Tarkovskinin və bir neçə çəkiliş heyəti üzvünün ölümünə səbəb olan xərçəng xəstəliyini məhz filmin çəkildiyi o sənaye tullantıları ilə zəhərlənmiş məkanla əlaqələndirdilər).

Filmin qısa anonsunu aşağıdaki linkdən izləyə bilərsiniz:








Ностальгия - Nostalgiya (1983)


Tarkovskinin vətənindən Rusiyadan kənarda, İtaliyada çəkdiyi bu film, sürgünün, aid olmamaq hissinin və mənəvi qürbətin ən ağır ifadəsidir. 

Rus dilindəki "nostalgiya" kəlməsi sadəcə keçmişi həsrətlə xatırlamaq deyil, insanın ruhunu gəmirən, onu fiziki olaraq məhv edən ölümcül bir xəstəlik, bir növ mənəvi böhrandır. 

Baş qəhrəman İtaliyanın gözqamaşdırıcı təbiətinin və tarixi sənət əsərlərinin içində belə özünü tamamilə yad, təcrid olunmuş və köksüz hiss edir. O, ruhunu tərcümə edə bilmir. Rejissor su, yağış, duman və yavaş-yavaş yox olan freskalar vasitəsilə fərdin daxilindəki o səssiz qiyaməti ekrana gətirir.

 "Nostalgiya", insanın öz köklərindən qoparıldığı zaman maddi dünyanın heç bir gözəlliyinin onu xilas edə bilməyəcəyini göstərən dərin, melanxolik və acı bir kədər tablosudur.

Filmin qısa anonsunu aşağıdaki linkdən izləyə bilərsiniz:








Жертвоприношение - Qurbanvermə (1986)


Bu, artıq xəstəliklə pençələşən dahi rejissorun dünya kinosuna və bəşəriyyətə qoyub getdiyi sonuncu sənət vəsiyyətnaməsidir. İsveçdə çəkilən filmdə, bəşəriyyətin qəfildən elan olunan, qaçınılmaz bir nüvə fəlakətinin Üçüncü Dünya Müharibəsinin astanasına gəlməsi təsvir olunur. 

Baş qəhrəman dünyanı, sevdiklərini və bəşəriyyəti bu mütləq yoxoluşdan xilas etmək üçün Tanrıya üz tutur və ağlasığmaz bir pakt bağlayır: O, xilas uğruna sahib olduğu ən dəyərli hər şeydən danışığından, ailəsindən, əziz bildiyi evindən və sağlam ağlından birdəfəlik imtina etməyə söz verir. 

Bəşəriyyətin texnoloji güclə mənəvi cəhətdən uçuruma getdiyini deyən Tarkovski, xilası yalnız fərdi bir fədakarlıqda, ruhani bir qurbanda görür. Bu əsər vizual olaraq dəhşətli dərəcədə təmiz, fəlsəfi olaraq isə rejissorun izləyicisinə yalvarışla dolu bir oyanış zəngidir.

Filmin qısa anonsunu aşağıdaki linkdən izləyə bilərsiniz:






A Cinema Prayer - Молитва кино - Kino Duası (2019)



Tarkovski haqqında yazılan yüzlərlə kitab, analiz, dissertasiya var, amma 2019-cu ildə oğlu Andrey A. Tarkovski atası haqqında elə bir film çəkdi ki, sanki ilk dəfə Tarkovskinin öz səsini eşidirik. “A Cinema Prayer” – adından da göründüyü kimi, tənqid deyil, dua, etiraf, evə qayıdışdır.Rejissor oğlu atasının arxivində tapdığı yüzlərlə saatlıq nadir audio yazını əsas götürüb – müsahibələr, ev lentləri, iş otağında pıçıltılar. Nəticədə biz Tarkovskinin öz xatirələrini, sənətə baxışını, “rəssamın taleyi və insan varlığının mənası” haqqında düşüncələrini birinci şəxsdən eşidirik.

Filmin qısa anonsunu aşağıdaki linkdən izləyə bilərsiniz:


Fikirləriniz mənim üçün önəmlidir

Rəylərinizdə etik qaydalara və qarşılıqlı hörmətə diqqət yetirməyiniz xahiş olunur.

Daha yeni Daha eski
Oxu Atmosferi Fon, musiqi və podcast bölmələri
Dəniz sahili Dəniz fonu və sahil atmosferi
Brauzer icazə verməsə, səsi davam etdirmək üçün play düyməsinə toxunun.
Fon səsləri
Əgər səslər başlamasa, səhifəni yeniləməyiniz xahiş olunur. İlk yükləmədən sonra səslər daha rahat və gecikməsiz şəkildə işləyəcək. Anlayışınız üçün təşəkkür edirəm.