Hər Gün Uşaq Bağçasına Uçan Pelikan: Katta-kun.




Bu gün qarşıma çıxan bir video məni müasir rəqəmsal dövrün ən böyük skeptisizmlərindən biri ilə üz-üzə qoydu. İlk baxışdan kadrların mükəmməlliyi və hadisənin qeyri-adiliyi məni bunun bir süni zəka məhsulu olduğuna inandırmışdı. 

Ekranda nəhəng bir pelikanın hər gün eyni vaxtda uşaq bağçasına uçaraq dərslərə qatılması, uşaqların arasında güvənlə gəzişməsi əks olunurdu.

İnsan və vəhşi təbiət arasındakı bəzən romantikləşdirilmiş təmaslara öyrəşsək də, bu mənzərə reallıq sərhədlərini aşacaq qədər unikal görünürdü. 

Lakin apardığım qısa bir araşdırma mənə yanıldığımı və təbiətin bəzən ən usta ssenaristlərdən belə daha heyrətamiz hekayələr yaza bildiyini sübut etdi.

​Bu həqiqət məndə təəssüf deyil, daxili bir sarsıntı və insanlar adına utanc hissi yaratdı. Təsəvvür edin, dünyanın ən qüdrətli liderlərinin, ən məşhur sənətkarlarının onilliklər boyu xərclədikləri sərvətlərlə, apardıqları təbliğatlarla əldə edə bilmədikləri o saf, təmənnasız sevgini bir pelikan qazanmışdı. 

Hər gün o bağçaya enən bu canlının nümayiş etdirdiyi davranışın arxasında əslində çox güclü bir bioloji instinkt – mütləq təhlükəsizlik hissi dayanırdı. Təkamül biologiyasında məlum bir fakt var: vəhşi heyvanlar yalnız özlərini heç bir təhdid altında hiss etmədikləri mühitlərdə müdafiə mexanizmlərini kənara qoyurlar. 

Əgər o pelikan bağçanın həyətinə endiyi ilk gün ən xırda bir aqressiya ilə qarşılaşsaydı, bir daha heç vaxt o koordinatlara qayıtmayacaqdı. Deməli, heyvanların şüuraltında və yaddaşında məkanların təhlükəsizlik dərəcəsi çox dəqiq formada kodlaşdırılır.

​Bunu anlamaq üçün uzağa getməyə ehtiyac yoxdur; öz regionumuzdakı, hər gün yanından keçdiyimiz parklardakı göyərçinlərə baxmaq kifayətdir. Skamyada əyləşdiyiniz zaman bir göyərçinin sizə tərəddüdsüz yaxınlaşma ehtimalı demək olar ki, yoxdur. 

Biz əksər hallarda heyvanları sadəcə instinktlərlə hərəkət edən, ünsiyyətsiz varlıqlar kimi qəbul edirik. Halbuki ornitoloji tədqiqatlar quşların mürəkkəb kommunikasiya sistemlərinə və güclü yaddaşa malik olduğunu sübut edir. Onlar hansı zonanın təhlükəli, hansı mühitin isə etibarlı olduğunu nəsillərdən-nəsillərə, sürülər arasında informasiya kimi ötürə bilirlər. 

İllərlə damlarda göyərçin ovlayıb kommersiya məqsədilə restoran və kafelərə satan bir cəmiyyətdə quşların insanlardan qaçması onların fitri qorxaqlığı deyil, insanların amansızlığına qarşı formalaşmış kollektiv müdafiə mexanizmidir. Təbii olaraq, bir yuvaya uzanan təhlükəkar əl bütün bölgənin heyvanları üçün siqnala çevrilir.

​İnsanlıq olaraq planetdəki mövqeyimizi o qədər eqosentrik bir şəkildə qurmuşuq ki, dənizlərin dərinliklərindən tutmuş göy üzünə qədər hər bir canlını sadəcə tükədiləcək, istismar ediləcək bir resurs kimi görürük. Məhz bu amansız istehlak zəncirinin bir parçası olmamaq üçün şəxsi fəlsəfəm olaraq üzü, gözü, canı olan heç bir varlığı qida kimi qəbul etmirəm. Çünki yaşamaq haqqı və toxunulmazlıq yalnız bizə aid bir imtiyaz deyil.

​Yaponiyada yaşanmış o pelikan hekayəsi də məhz bu yaşam haqqına duyulan ali hörmətin təzahürüdür. Yapon xalqının bu canlıya sevgiylə qarşılıq verməsi, ona xüsusi ad qoyması və hətta hekayəsini cizgi filminə çevirərək mədəniyyətlərinin bir parçasına halına gətirməsi həm də böyük bir sosioloji mesajdır. Bu, "dünya yalnız insanların evidir" kimi köhnəlmiş antroposentrik düşüncədən imtina edib, planetin bütün canlılarla ortaq paylaşıldığını dərk etməkdir.


​Dünya mütləq şəkildə hamımız üçündür. Mətbəxinizdəki bir damla şirinliyə gələn kiçik bir qarışqanı kimyəvi dərmanlarla yox edib hər şeyi özümüz üçün təhlükə və ya iyrənclik mənbəyi kimi görmək əvəzinə, onu ehtiyatla təbii mühitinə qaytarmaq ekosistemə və öz insanlığımıza duyduğumuz ən böyük hörmətdir. O pelikanın uşaqlarla qurduğu səssiz, lakin dərin dialoq bizə çox sadə bir həqiqəti xatırladır: hər canlının təhlükəli olduğu inancı sadəcə bizim öz daxili qaranlığımızın və aqressiyamızın yansımasıdır; sevgi və təhlükəsizlik təmin edildikdə isə, təbiət hər zaman insana qucaq açmağa hazırdır.

Fikirləriniz mənim üçün önəmlidir

Rəylərinizdə etik qaydalara və qarşılıqlı hörmətə diqqət yetirməyiniz xahiş olunur.

Daha yeni Daha eski
Oxu Atmosferi Fon, musiqi və podcast bölmələri
Dəniz sahili Dəniz fonu və sahil atmosferi
Brauzer icazə verməsə, səsi davam etdirmək üçün play düyməsinə toxunun.
Fon səsləri
Əgər səslər başlamasa, səhifəni yeniləməyiniz xahiş olunur. İlk yükləmədən sonra səslər daha rahat və gecikməsiz şəkildə işləyəcək. Anlayışınız üçün təşəkkür edirəm.