Sürücü onlara deyir:
“Gəlin bir az bir-birinizə yaxın durun. Onsuz da hamımız eyni yerə gedirik. Növbəti avtobusu gözləməkdənsə, dayanmaqdansa, bir yerə toplaşaq, mehriban olaq, yolumuza birlikdə davam edək.”
WinRAR-ın məntiqi də buna bənzəyir.
Sizin kompüterinizdə çoxlu şəkillər, sənədlər, videolar, qovluqlar və müxtəlif fayllar ola bilər. Onların hər biri ayrı-ayrı yerdə dayanır. Amma sizin məqsədiniz birdir: onları bir yerə yığmaq, səliqəli hala gətirmək və lazım olsa qarşı tərəfə göndərmək.
Məsələn, kiməsə mail göndərirsiniz. Göndərəcəyiniz fayllar çoxdur. Şəkillər var, sənədlər var, bəlkə hansısa video var, bəlkə də əlavə qovluqlar var. Bunları bir-bir seçib mailə əlavə etmək sizin üçün ayrı əziyyətdir. Qarşı tərəfin də həmin faylları bir-bir yükləməsi başqa bir əziyyətdir. Üstəlik, faylların sayı çox olanda qarışıqlıq da yaranır. Hansı sənəd haradadır, hansı şəkil hansı mövzuya aiddir, nəyi açmaq lazımdır, nəyi saxlamaq lazımdır hamısı bir-birinə qarışa bilər.
Belə bir anda WinRAR sanki həmin sürücü kimi ortaya çıxır və deyir:
“Gəlin, hamınız bir yerə toplaşın. Bir az yığcam olun. Mən sizi bir paket halında qarşı tərəfə çatdırım.”
Nəticədə ortada artıq 50 ayrı fayl yox, bir arxiv faylı olur. Qarşı tərəf də 50 dənə ayrı-ayrı faylla qarşılaşmır. Sadəcə bir faylı yükləyir, onu açır və içəridə bütün şəkilləri, sənədləri, videoları öz yerində görür.
Yəni WinRAR faylları yox etmir, onları qarışdırıb məhv etmir, içindəkiləri dəyişmir. Sadəcə onları bir yerə yığır, daha səliqəli, daha daşına bilən və daha rahat göndərilən hala gətirir.
Buna çox misal çəkmək olar.
Təsəvvür edin ki, evdən köçürsünüz. Otaqda kitablar var, paltarlar var, qab-qacaq var, xırda əşyalar var. Bunların hamısını bir-bir əlinizə alıb maşına daşımaq mümkündür. Amma bu həm vaxt aparar, həm yorucu olar, həm də yolda nəyinsə itmə ehtimalı çoxalar.
Ona görə nə edirsiniz?
Bir qutu götürürsünüz. Kitabları bir qutuya, qabları başqa qutuya, xırda əşyaları ayrı bir qutuya yığırsınız. Sonra həmin qutuların üstünə də yazırsınız: “kitablar”, “mətbəx əşyaları”, “paltarlar”.
İndi artıq ortada yüz dənə dağınıq əşya yoxdur. Bir neçə səliqəli qutu var. Hər şey öz yerindədir. Daşımaq da rahatdır, tapmaq da rahatdır.
WinRAR da kompüterdə buna bənzər bir iş görür. Dağınıq faylları bir yerə yığır, onları bir paket halına gətirir və lazım olanda həmin paketi açıb içindəkiləri yenidən istifadə etməyə imkan verir.
Ya da belə düşünün: bazardan çox şey almısınız. Pomidor, kartof, soğan, göyərti, çörək, meyvə... Bunların hamısını qucağınızda ayrı-ayrı aparmağa çalışsanız, həm yorularsınız, həm də yolda nəsə düşə bilər.
Amma satıcı sizə bir torba verir. Siz də bütün aldıqlarınızı o torbaya yığırsınız. Artıq əlinizdə on dənə ayrı şey yox, bir torba var. Evə çatanda torbanı açırsınız və içindəkiləri bir-bir çıxarırsınız.
WinRAR da fayllar üçün belə bir “torba” kimidir. Sadəcə bu torba adi torba deyil. O həm faylları bir yerə yığır, həm də bəzi hallarda onları daha yığcam hala gətirir.
Burada “sıxışdırma” məsələsi ortaya çıxır.
Sıxışdırma nə deməkdir?
Sadə dildə desək, faylın tutduğu yeri azaltmaq deməkdir. Məsələn, əlinizdə böyük bir yorğan var. Onu elə olduğu kimi maşına qoysanız, çox yer tutar. Amma onu qatlasanız, sıxsanız, bir çantaya yerləşdirsəniz, daha az yer tutar. Yorğan yenə həmin yorğandır, sadəcə daha yığcam hala düşüb.
WinRAR da bəzi fayllarla bunu edir. Onları daha kiçik ölçüyə salmağa çalışır. Amma burada bir məsələni də bilmək lazımdır: hər fayl eyni dərəcədə sıxışmır. Məsələn, mətn sənədləri, bəzi proqram faylları və sadə məlumatlar daha yaxşı sıxışa bilər. Amma video, musiqi və şəkillər çox vaxt onsuz da əvvəlcədən sıxışdırılmış formatda olur. Ona görə onları WinRAR-a atanda ölçü bəzən çox da azalmır.
Yəni WinRAR sehrli bir alət deyil ki, 5 GB-lıq videonu həmişə 100 MB eləsin. Xeyr. Onun əsas işi faylları bir yerə yığmaq, arxivləmək, lazım olanda sıxışdırmaq və daşınmasını rahatlaşdırmaqdır.
İndi gəlin bunu bir az texniki dillə deyək.
WinRAR faylları arxivləmək, sıxışdırmaq və arxivdən çıxarmaq üçün istifadə olunan proqramdır.
Siz bir neçə faylı, qovluğu, şəkli, sənədi və ya proqram faylını seçib onları tək bir arxiv faylına çevirə bilərsiniz. Bu arxiv faylı adətən .rar və ya .zip formatında olur.
.rar WinRAR-ın ən çox tanınan formatıdır. .zip isə daha ümumi, bir çox sistemdə dəstəklənən arxiv formatıdır. WinRAR bu formatlarla işləməyi bacarır. Həm arxiv yarada bilir, həm də artıq mövcud olan arxivləri açıb içindəkiləri çıxara bilir.
Burada iki əsas anlayış var:
Birincisi, arxiv yaratmaqdır. Yəni faylları bir yerə yığıb tək fayl halına gətirmək.
İkincisi, arxivdən çıxarmaqdır. Yəni həmin tək faylı açıb içindəki faylları yenidən əvvəlki halına qaytarmaq.
Məsələn, siz 20 şəkli, 5 sənədi və 2 qovluğu seçib WinRAR vasitəsilə bir arxiv faylına çevirirsiniz. Qarşı tərəfə də həmin bir faylı göndərirsiniz. Qarşı tərəf onu açır, “Extract” edir və içindəki faylları əvvəlki kimi görür.
Bu qədər sadə.
Amma WinRAR-ın maraqlı tərəfi təkcə sadəliyi deyil. Onun tarixçəsi də maraqlıdır. Çünki WinRAR bir çoxumuzun kompüterlə tanış olduğu illərin ayrılmaz hissəsinə çevrilmişdi.
WinRAR 1990-cı illərin ortalarında ortaya çıxan bir arxiv proqramıdır. Onun arxasında Eugene Roshal adı dayanır. Hətta RAR adının özü də Roshal Archive mənası ilə bağlıdır. Yəni bu format sadəcə təsadüfi üç hərfdən ibarət deyil, öz yaradıcısının adı ilə bağlı bir iz daşıyır.
Əvvəllər internet bugünkü kimi sürətli deyildi. Fayl göndərmək, proqram yükləmək, oyun köçürmək, sənəd paylaşmaq indiki qədər rahat deyildi. İnsanlar disk, CD, DVD, fleş kart, yaddaş kartı ilə fayl daşıyırdı. İnternetdən nəsə yükləmək bəzən saatlarla çəkirdi. Belə bir dövrdə faylları bir yerə yığmaq və ölçüsünü azaltmaq çox vacib idi.
O illərdə WinRAR sadəcə rahatlıq deyildi, bəzən ehtiyac idi.
Məsələn, böyük bir oyunu hissələrə bölüb göndərmək lazım olurdu. Bir fayl çox böyük idisə, onu bir neçə hissəyə ayırmaq mümkün idi. Belə arxivlərdə adətən .part1.rar, .part2.rar, .part3.rar kimi fayllar olurdu. Hamısı bir yerdə olanda arxivi açırdınız və içindəki əsas fayl çıxırdı.
Bu, bir növ böyük yükü bir maşına sığışdırmaq mümkün olmayanda onu bir neçə maşına bölüb eyni ünvana göndərməyə bənzəyirdi. Amma şərt bu idi ki, bütün hissələr yerində olsun. Bir hissə çatışmasa, yük tam açılmırdı.
WinRAR-ın başqa bir tərəfi də parol qoymaq imkanı idi. Siz arxivə şifrə qoya bilərdiniz. Yəni faylı göndərirsiniz, amma onu hər kəs aça bilmir. Açmaq üçün parol lazımdır. Bu da xüsusilə şəxsi sənədlər, iş faylları və gizli qalmasını istədiyiniz materiallar üçün faydalı idi.
Əlbəttə, burada bir məsələni unutmaq olmaz: parol qoymaq məsuliyyət tələb edir. Parolu unutdunuzsa, sonra həmin arxivi açmaq çox çətin ola bilər. Ona görə WinRAR-da parol istifadə edərkən bunu mütləq yadda saxlamaq lazımdır.
WinRAR-ın faydalı olduğu yerlərdən biri də ehtiyat nüsxə məsələsidir. Məsələn, kompüterinizdə vacib sənədlər var. Onları bir qovluqda saxlayırsınız. Amma istəyirsiniz ki, həmin sənədlərin ayrıca bir nüsxəsi də olsun. Bu zaman onları arxivləyib ayrıca saxlamaq olar. Həm səliqəli olur, həm də lazım olanda tapmaq rahatlaşır.
Bir də arxivlərin açılması məsələsi var.
Bəzən internetdən hansısa fayl yükləyirsiniz və görürsünüz ki, .rar, .zip, .7z, .tar, .gz kimi formatdadır. Bu zaman həmin faylın içindəkini görmək üçün onu açmaq lazımdır. WinRAR bu işdə illərlə insanların köməyinə çatıb. Xüsusilə Windows istifadəçiləri üçün arxiv açmaq deyəndə çoxlarının ağlına ilk gələn proqramlardan biri məhz WinRAR olub.
WinRAR-ın yaddaşımızda qalmasının bir səbəbi də onun məşhur “trial” məsələsidir. Proqramı istifadə edəndə tez-tez lisenziya xatırlatması çıxırdı. Amma çox adam illərlə onu elə həmin xəbərdarlıq pəncərəsi ilə istifadə edirdi. Sanki WinRAR kompüter dünyasının ən səbirli proqramlarından biri idi. Xatırladırdı, amma qapını üzümüzə bağlamırdı.
Hətta çox adam üçün WinRAR sadəcə arxiv proqramı yox, kompüterə ilk yüklənən proqramlardan biri idi. Windows təzə yazılanda nə edirdik? Driver-lər, brauzer, media player, antivirus və bir də WinRAR. Çünki bilirdik ki, onsuz çox faylı açmaq çətin olacaq.
Bir vaxtlar fleş kartlarda gizlənən fayllar, virusun yaratdığı qəribə qovluqlar, açılmayan sənədlər, bölünmüş oyun arxivləri, CD-dən köçürülən proqramlar bütün bunların içində WinRAR-ın adı keçirdi.
Əlbəttə, bu gün texnologiya dəyişib. İnternet daha sürətlidir. Bulud sistemləri var. Google Drive, OneDrive, Dropbox kimi xidmətlər var. Telefonlar da bir çox arxiv formatını aça bilir. Windows özü də bəzi arxivləri açmağı bacarır. Amma buna baxmayaraq, WinRAR hələ də unudulmayıb.
Çünki bəzi proqramların dəyəri təkcə bu gün nə qədər istifadə olunması ilə ölçülmür. Bəzən bir proqramın dəyəri onun neçə insanın kompüter yaddaşında iz qoyması ilə ölçülür.
WinRAR da belə proqramlardandır.
O, bizə faylları bir yerə yığmağı öyrətdi. Dağınıqlığı səliqəyə salmağı öyrətdi. Böyük faylı hissələrə bölməyi, çoxlu sənədi bir paketə yığmağı, bir qovluğu qarşı tərəfə tək fayl kimi göndərməyi, arxivdən çıxarmağı, parol qoymağı, ehtiyat nüsxə saxlamağı öyrətdi.
Sadə dillə desək, WinRAR kompüter dünyasında çemodan kimi bir şeydir.
İçinə nə qoyursunuzsa qoyun sənəd, şəkil, video, qovluq, proqram faylı hamısını bir yerə yığır. Sonra siz həmin çemodanı istədiyiniz yerə aparırsınız. Lazım olanda açırsınız və içindəkiləri çıxarırsınız.
Bəzən həmin çemodanı bir az sıxır, daha yığcam edir. Bəzən üstünə kilid vurur, yəni parol qoyur. Bəzən də böyük yükü hissələrə bölür ki, daşımaq daha rahat olsun.
WinRAR-ın əsas fəlsəfəsi budur: dağınıq olanı bir yerə yığmaq, böyük olanı mümkün qədər yığcamlaşdırmaq, çox olanı tək paket kimi təqdim etmək.
Ona görə də WinRAR haqqında danışanda onu sadəcə “köhnə bir arxiv proqramı” adlandırmaq bir az haqsızlıq olar. Çünki o, bir dövrün kompüter mədəniyyətində öz yerini tutmuş proqramdır.
Bəlkə də buna görə WinRAR bu qədər yadda qaldı. Çünki o, kompüterdə çox sadə, amma çox vacib bir işi görürdü.
Dağınıq fayllara deyirdi:
“Gəlin, bir az mehriban olaq. Onsuz da yolumuz eynidir.”
Əgər WinRAR-ı yükləmək və proqramın son versiyası ilə tanış olmaq istəyirsinizsə, bunu mütləq rəsmi səhifədən etməyiniz daha doğrudur:
Çünki arxiv proqramları internetdə çox paylaşılır və kənar mənbələrdən yüklənən fayllar bəzən təhlükəli ola bilər.
