Bilmirəm bu fikrimlə neçə insan razılaşar, neçə insan razılaşmaz. Amma mənim şəxsi müşahidəmə görə, heyvanlara, xüsusilə də pişiklərə sahib çıxan insanların duyğusal bağlılığı bir az daha fərqli olur.
Bunu deyəndə o demək istəmirəm ki, başqa bir canlıya sahib çıxan insanların sevgisi zəifdir. Əsla.
Bir itin də insan həyatındakı yeri böyükdür. Bir quşun, bir atın, bir balığın, bir dovşanın da sahibinə verdiyi başqa bir duyğu var. Hər canlının insanla qurduğu bağın öz dili, öz yaxınlığı, öz istiliyi olur.
Amma pişiklərdə başqa bir şey var.
Onlar insanın həyatına sadəcə “ev heyvanı” kimi daxil olmurlar. Bir müddət sonra evin səssiz sakininə, otağın ruhuna, günün yorğunluğunu yumşaldan kiçik bir nəfəsə çevrilirlər. Pişiyi olan adam sadəcə evində bir canlı saxlamır. Əslində o, yavaş-yavaş evini, vaxtını, yatağını, sakitliyini, hətta bəzən öz təkliyini belə onunla bölüşür.
Gəlin etiraf edək, pişik olan evdə təkcə insan pişiyə sahiblik etmir. Bir az da pişik evi sahiblənir.
Bir gün görürsən ki, divanın ən rahat yeri artıq onun yeridir. Bir gün görürsən ki, yatağın bir küncü sanki ona ayrılıb. Bir gün kitab oxumaq istəyirsən, amma o gəlib kitabın üstünə uzanır. Bir gün işləmək üçün masaya oturursan, o isə klaviaturanın yanında dayanıb sənə baxır. Sanki demək istəyir: “Mən buradayam. Sən nə edirsən et, amma məni də unutma.”
Pişiklərin sevgisi bir az qəribədir. Onlar sevgini səs-küylə göstərmirlər. Hər an üstünə atılmırlar. Hər çağıranda gəlmirlər. Bəzən sən onu çağırırsan, heç baxmır. Amma sən yorğun olanda, içində danışmağa halın olmayanda, otağın bir küncündə sakit oturanda gəlib yanına uzanır.
Və o an anlayırsan ki, bu canlı səni sözlə yox, varlığı ilə hiss edir.
Pişiklərin insanla təması məhz buna görə mənə daha yaxın gəlir. Onların sevgisində məcburiyyət yoxdur. Pişik sənə yaxınlaşırsa, bunu özü istədiyi üçün edir. Sənin yanında yatırsa, sənin yanında rahat olduğu üçün yatır. Başını sənə sürtürsə, bu onun dilində sadə bir sevgi etirafıdır. Bəlkə də bizim “səni sevirəm” dediyimiz şeyi onlar mırıltı ilə, baxışla, səssiz yaxınlıqla deyirlər.
Bəzən insanlar pişikləri soyuq canlı kimi təsvir edir. Deyirlər ki, pişiklər insana bağlı olmur, sadəcə rahatlıq axtarırlar. Məncə isə bu fikir çox səthidir. Pişiklər sadəcə sevgini bizim gözlədiyimiz formada göstərmirlər. Onlar hər hissi açıq-açıq ortaya qoymurlar. Onlarda bir məsafə var, amma bu məsafənin içində də bir yaxınlıq gizlənir.
Elə insanlar kimi.
Bəzi insanlar da sevgisini qışqıra-qışqıra göstərmir. Bəziləri yanında sakit dayanmaqla sevər. Bəziləri çox danışmaz, amma ən çətin günündə yanında olar. Bəziləri “mən səni düşünürəm” deməz, amma ən çətin anlarında düşüncələrini səninlə paylaşar. Pişiklərin sevgisi də bir az belədir. Sakit, özünəməxsus, amma həqiqi.
Bir itlə yaşamaq başqa bir həyat ritmidir. İt daha açıq, daha sədaqətli, daha səsli bir sevgini təmsil edir. Pişik isə evin içində daha sakit bir bağ qurur. İt çox vaxt səninlə birlikdə hərəkət etmək istəyir. Pişik isə sənin yanında mövcud olmaq istəyir. Aradakı fərq də buradadır. Biri sevgini hərəkətlə göstərir, o biri varlığı ilə.
Burada söhbət yeməyi heyvanla bölüşməkdən getmir. Söhbət evi necə bölüşməkdən gedir.
Pişik evə daxil olanda yalnız bir otaqda yaşamır. O, tədricən bütün evə yayılır. Pəncərənin kənarı onun olur. Günəş düşən yer onun olur. Divanın yumşaq küncü onun olur. Yatağın isti tərəfi onun olur. Hətta sənin gündəlik vərdişlərin belə bir müddət sonra ona uyğunlaşmağa başlayır.
Sən qapını yavaş açırsan ki, birdən arxasında dayanıb sıxılmasın. Pəncərəni açanda düşünürsən ki, təhlükəli olmasın. Evə gələndə ilk baxdığın şey bəzən o olur: haradadır, nə edir, yeməyi varmı, suyu təzədirmi?
Bir müddət sonra anlayırsan ki, bu canlı sənin həyatına sadəcə daxil olmayıb. O, sənin diqqətini yumşaldıb. Sənin içində başqa bir məsuliyyət oyadıb.
Bəs bu sevimli canlılar necə oldu ki, insanın evinə gəldi?
Təkcə sevimli olmaları buna kifayət etdimi?
Məncə yox.
Pişiklərin insan həyatına daxil olması yalnız gözəlliklə, yalnız sevimliliklə bağlı deyildi. Bunun arxasında həm onların təbiəti, həm davranışı, həm də insanla qurduqları qarşılıqlı fayda vardı.
Tarixə baxanda görürük ki, pişiklərin insanlara yaxınlaşması çox qədim dövrlərə gedib çıxır.
İlk əkinçilik cəmiyyətlərində insanlar taxıl saxlayırdı. Taxıl olan yerdə isə siçanlar, gəmiricilər çoxalırdı. Bu da vəhşi pişikləri insan məskənlərinə yaxınlaşdırırdı. İnsanlar gördülər ki, bu canlılar onların anbarlarını qoruyur. Pişiklər də gördülər ki, insanların yaşadığı yerlərdə ov tapmaq asandır.
Beləcə insanla pişik arasında qəribə bir anlaşma yarandı.
Əvvəlcə bəlkə də bu sevgi deyildi. Bu, ehtiyac idi. İnsan taxılını qorumaq istəyirdi, pişik isə ov axtarırdı. Amma zaman keçdikcə bu ehtiyac münasibətə çevrildi. Münasibət isə yavaş-yavaş bağlılığa.
Pişiyin gözəlliyi sonradan insanın qəlbinə işləyib. Onun çevikliyi, təmizliyi, səssiz addımları, gecənin içindəki diqqətli baxışları insanı valeh edib. Pişik həm evin içində idi, həm də sanki hələ də təbiətin bir parçası idi. Tamamilə insana təslim olmurdu, amma insandan da uzaqlaşmırdı.
Bəlkə də pişikləri bu qədər maraqlı edən də elə budur.
Onlar nə tam vəhşidirlər, nə də tam itaətkar. Onlar insanın yanında yaşamağı seçiblər, amma öz xarakterlərini də qoruyublar. Pişik sənə bağlı ola bilər, amma yenə də öz müstəqilliyini saxlayar. Sən onu sevə bilərsən, amma o da səni nə vaxt qəbul edəcəyinə özü qərar verər.
Bu, bir az da insan münasibətlərinə bənzəyir. Əsl sevgi də insanı əsir almır. Əsl sevgi qarşıdakının varlığını qəbul edir. Pişiklər bunu bizə səssiz şəkildə öyrədirlər: yaxın olmaq üçün kiminsə üzərində hakimiyyət qurmaq lazım deyil. Bəzən yanında olmaq kifayətdir.
Qədim Misirdə pişiklərin xüsusi yer tutması da təsadüfi deyildi. Onlar evləri və taxılı gəmiricilərdən qoruduqları üçün praktik baxımdan dəyərli idilər. Amma zaman keçdikcə bu canlılar yalnız faydalı heyvan kimi yox, həm də qoruma, zəriflik, ana qayğısı və sirli güc rəmzi kimi görülməyə başladı.
Misir mədəniyyətində pişik obrazı ilahilərlə, qoruyucu qüvvələrlə, evin bərəkəti və təhlükədən müdafiə anlayışı ilə bağlandı.
Bu da göstərir ki, pişik insanın həyatında heç vaxt sadəcə “evdə gəzən heyvan” olmayıb. İnsan onu müşahidə edib, ona məna verib, onu öz mədəniyyətinə, inancına, gündəlik həyatına daxil edib.
Əslində bu gün də eyni şey baş verir.
Sadəcə indi biz pişiyi qədim məbədlərdə yox, evimizin pəncərə kənarında görürük. Qədim insanlar onu anbarın qoruyucusu kimi görürdüsə, bu gün biz onu evin sakitliyinin qoruyucusu kimi görürük. O vaxt pişik taxılı siçanlardan qoruyurdu. Bu gün isə bəlkə də insanın ruhunu tənhalığın sərtliyindən qoruyur.
Məncə pişiklərin ən maraqlı tərəflərindən biri də özlərini təmiz saxlamalarıdır. Onların saatlarla tüklərini yalayıb təmizləməsi, yatacağı yeri seçməsi, suya, yeməyə, qoxuya qarşı həssaslığı insanda qəribə bir hörmət yaradır. Sanki bu balaca canlı öz kiçik dünyasının nizamını qoruyur. Səliqəli, diqqətli, öz qaydasında yaşayan bir varlıq kimi davranır.
Onların bədən dili də ayrıca bir dildir.
Quyruğunu necə tutması, gözlərini necə qırpması, qulaqlarının vəziyyəti, sənə yaxınlaşıb-yaxınlaşmaması, mırıltısı, sakitcə ayağına sürtünməsi, bunların hər biri bir mesajdır. Pişik danışmır, amma susmur da. Sadəcə onun dili sözlərdən ibarət deyil.
Bəzən bir pişik sənə yaxınlaşıb başını əlinə sürtür. Bu çox sadə görünə bilər. Amma o anda onun sənə güvəndiyini hiss edirsən. Çünki pişik hər kəsə eyni cür yaxınlaşmır. O, öz təhlükəsizliyini çox yaxşı hiss edən canlıdır. Sənin yanında rahat yatırsa, gözlərini yumub mırıldayırsa, deməli, sənin varlığında bir təhlükə yox, bir sakitlik tapıb.
Bu da insan üçün çox dəyərli hissdir.
Çünki hər kəsin içində sevilmək qədər güvənilmək ehtiyacı da var. Bir canlının sənə güvənməsi, sənin yanında özünü rahat buraxması, yatması, başını əlinin altına qoyması insana başqa cür təsir edir. Sanki deyir: “Mən sənin yanında qorxmuram.”
Bu cümləni sözlə demir, amma hiss etdirir.
Pişiklə insan arasındakı bağın real həyatda nə qədər güclü ola biləcəyini göstərən hekayələr də az deyil. Məsələn, James Bowen və Bob adlı küçə pişiyinin hekayəsi buna gözəl nümunədir.
James Bowen London küçələrində çətin bir həyat yaşayan, özünü toparlamağa çalışan bir insan idi. Bob isə onun həyatına daxil olan narıncı bir küçə pişiyi. İlk baxışda bu, sadəcə bir insanın bir pişiyə sahib çıxması kimi görünür. Amma zaman keçdikcə Bob yalnız xilas edilən bir pişik olmadı. O, James-in həyatında bir dönüş nöqtəsinə çevrildi.
Bob onunla küçəyə çıxırdı, çiynində dayanırdı, insanların diqqətini çəkirdi. Amma məsələ yalnız diqqət deyildi. Bəzən insanın həyata bağlanması üçün böyük çıxışlara, böyük sözlərə ehtiyacı olmur. Bəzən bir canlının hər gün yanında olması, səni gözləməsi, səninlə birlikdə yaşaması insana “mən hələ lazımlıyam” hissini qaytarır.
Bob James-i xilas etdi demək bəlkə də çox romantik səslənə bilər. Amma bəzən bir canlı insanı elə bu şəkildə xilas edir: ona məsuliyyət verir, ona ritm verir, ona sabah üçün səbəb verir. İnsan bir canlının ona ehtiyac duyduğunu görəndə, öz varlığını da başqa cür hiss etməyə başlayır.
Pişiklərin gücü də buradadır.
Onlar böyük cümlələr qurmurlar. İnsan psixologiyasını izah etmirlər. Sənə məsləhət vermirlər. Amma bəzən bir insanın ən çox ehtiyac duyduğu şey də məhz məsləhət deyil. Bəzən insan sadəcə yanında sakitcə dayanan, onu mühakimə etməyən, keçmişini soruşmayan, səhvlərini üzünə vurmayan bir varlığa ehtiyac duyur.
Pişik bunu bacarır.
Sən yorğun gəlirsən. Gün boyu insanlar, səslər, sözlər, problemlər, cavablar, izahlar, gözləntilər içindən keçirsən. Evə qapını açıb girəndə hər şey bir anlıq dayanır. O isə haradansa çıxıb gəlir. Bəzən qapının ağzında dayanır. Bəzən heç yerindən qalxmır, sadəcə gözlərini açıb sənə baxır. Amma sən bilirsən ki, evdə səni gözləyən bir canlı var.
Bu hissin özü belə insanın içində nəyisə yumşaldır.
Bəlkə səni heç kim gözləmir kimi hiss etdiyin bir gündə, o pişik qapının yanında dayanıb sənə baxır. Bəlkə bütün gün özünü lazımsız hiss etmisən, amma evə gələndə onun yeməyini qoyursan, suyunu dəyişirsən, başını tumarlayırsan və anlayırsan ki, sənin varlığın bir canlının həyatında fərq yaradır.
Bu çox sadə görünür.
Amma bəzən insanı həyatda saxlayan şeylər elə sadə şeylərdir.
Səhər gözünü açanda yanında yumrulanıb yatmış bir pişiyi görmək də qəribə bir hissdir. O, gecə nə vaxt gəlib, necə sənin yanına uzanıb, sən bilmirsən. Amma gözünü açanda oradadır. Bəlkə ayaqlarının dibində yatıb. Bəlkə başının yanında qıvrılıb. Bəlkə də sənin üstündə özünə yer tapıb. Sən hələ günə başlamamısan, amma o artıq oradadır. Sakit, isti, öz dünyasında.
O an insanın içində qəribə bir rahatlıq yaranır.
Çünki gün hələ başlamadan həyat sənə kiçik bir sevgi göstərib.
Bəzən pişik mırıldayır. O səs evin içində çox kiçik bir səslə yayılır. Amma həmin kiçik səs insanın içində böyük bir sakitlik yarada bilir. Sanki ev nəfəs alır. Sanki otağın havası dəyişir. Sanki bütün gərginlik bir az geri çəkilir.
Pişik olan evdə sükut da başqa cür olur.
O sükut boş deyil. O sükutun içində pəncə səsləri var. Yorğanın üstündə yavaş-yavaş yer dəyişən bir canlının hərəkəti var. Pəncərə kənarında küçəyə baxan iki parlaq göz var. Gecə yarısı su içməyə qalxanda qaranlıqda sənə baxan kiçik bir kölgə var. Bəzən adamı qorxudur, bəzən güldürür, amma hər dəfə evə başqa bir canlılıq qatır.
Məncə pişiklər evi doldurmur.
Pişiklər evi yumşaldır.
Çünki onların varlığı insanın içindəki sərtliyi də azaldır. Bir pişiyə sahib çıxan insan yavaş-yavaş daha diqqətli olur. Addımını ehtiyatla atır. Səsini bəzən alçaldır. Evdə başqa bir canlının ritmini nəzərə alır. Onun acmasını, qorxmasını, xəstələnməsini, narahat olmasını düşünür. Bu da insanda empatiyanı artırır.
Bir canlının ehtiyacını görmək insanı dəyişir.
Çünki pişik sənə özünü tam izah edə bilmir. O, “mənim canım ağrıyır” demir. “Mən qorxdum” demir. “Mən səni gözlədim” demir. Sən onu müşahidə etməyi öyrənirsən. Onun baxışından, yemək yeməsindən, yatmağından, davranışından halını anlamağa çalışırsan. Bu isə insana başqa bir duyğu tərbiyəsi verir.
Bəlkə də buna görə pişik saxlayan insanlar bəzən daha dərin bağ qura bilirlər. Çünki pişiklə yaşamaq sözsüz anlaşmanı öyrədir. Hər şeyi izah etmədən hiss etməyi öyrədir. Bir canlının sənə yaxınlaşmaq üçün zamana ehtiyac duyduğunu qəbul etməyi öyrədir.
Pişiklər bizə səbir də öyrədir.
Onu zorla sevdirə bilməzsən. Onu zorla yanında saxlaya bilməzsən. Onun sevgisini tələb edə bilməzsən. Sən sadəcə ona təhlükəsiz bir yer verə bilərsən, yeməyini verə bilərsən, suyunu verə bilərsən, sakitliyini qoruya bilərsən. Qalanını o özü seçəcək.
Və bəlkə də bu seçim olduğu üçün onun yaxınlığı daha qiymətli olur.
Bir gün sənin yanına özü gəlirsə, bu artıq sənin qazandığın bir güvəndir. Bir gün sənin dizinin üstünə çıxıb yatırsa, bu onun sənə verdiyi kiçik bir mükafat kimidir. Bir gün sənə baxıb yavaşca gözlərini qırpırsa, sən artıq onun dilində bir sevgi cümləsi oxuyursan.
Biz insanlar çox vaxt sevgini böyük hərəkətlərdə axtarırıq. Böyük sözlərdə, böyük jestlərdə, böyük sübutlarda. Amma pişiklər bizə başqa bir şeyi xatırladır: sevgi bəzən çox sakit olur. Bəzən heç nə demədən yanında qalmaqdır. Bəzən uzaqdan baxmaqdır. Bəzən sən ağlayanda gəlib ayağına sürtünməkdir. Bəzən bütün gün öz aləmində yaşayıb gecə sənin yanında yatmaqdır.
Bəzi sevgilər qapını döymür.
Sakitcə içəri girir.
Bir küncdə özünə yer tapır.
Sonra isə evin bir parçasına çevrilir.
Pişiklər belədir.
Onlar evə gələndə sadəcə tükləri, mırıltıları, oyuncaqları, yemək qabları gəlmir. Onlarla birlikdə başqa bir hiss də gəlir. Evin içində izahı çətin olan bir istilik yaranır. Sanki divarlar daha az soyuq görünür. Sanki otaqlar daha az boş olur. Sanki insanın təkliyi bir az daha yumşaq səslənir.
Və ən maraqlısı budur ki, pişiklər bunu etməyə çalışmırlar.
Onlar sadəcə var olurlar.
Bəlkə də ən böyük təsirləri də buradadır.
Çünki insan bəzən həyatda çox yorulur. Özünü sübut etməkdən, danışmaqdan, izah etməkdən, kiməsə nəyisə başa salmaqdan yorulur. Belə anlarda evə gəlib bir pişiyin sakitcə yanında uzandığını görmək insana qəribə bir rahatlıq verir. O səndən uğur istəmir. O səndən izah istəmir. O sənin kim olduğunu sorğulamır. Sadəcə sənin yanında özünü rahat hiss edirsə, gəlir və qalır.
Bu, çox təmiz bir bağdır.
Bəlkə də buna görə pişiklər insanlara bu qədər yaxın gəlir. Onlar bizim içimizdəki sakit tərəfə toxunurlar. Səsli, gurultulu, yorucu dünyanın içində bizə səssiz bir sevginin də mümkün olduğunu göstərirlər.
Pişiklər bizə öyrədir ki, yaxınlıq həmişə danışmaq deyil.
Bəzən yaxınlıq eyni otaqda susa bilməkdir.
Bəzən sevgi kiminsə sənə baxıb qorxmamasıdır.
Bəzən bağlılıq hər səhər gözünü açanda yanında bir canlının nəfəsini hiss etməkdir.
Bəzən evə qayıdanda qapının arxasında səni gözləyən iki parlaq gözdür.
Və bəlkə də insan bu hissi yaşadıqdan sonra anlayır ki, bəzi canlılar evə sadəcə daxil olmur.
Onlar evin mənasını dəyişir.
Pişiklər də mənim üçün belədir.
Onlar evin içindəki sakit sevgidir.

