Rəqəmsal məlumatların ölçü vahidləri



Real həyatda hər şeyin bir ölçüsü var: kartofu kiloqramla, südü litrlə, parçanı metrlə ölçürük. 
Bəs internetdə hər gün qarşılaşdığımız şəkillərin, videoların, mahnıların çəkisini nə ilə ölçürük?

Gəlin ən kiçik zərrəcikdən yəni Bit-dən başlayaq. Biti ilk öncə bir tək qum dənəsinə bənzədək. 
Bir qum dənəsi ilə ev tikmək olmaz, elə deyilmi?

Bax, əsas hekayə burada başlayır. Kompüterdə (məsələn, bircə dənə "A" hərfi) yazmaq üçün bizə tam 8 dənə bit lazımdır. Yan-yana düzülmüş 8 dənə bit isə 1 Bayt-ı əmələ gətirir. Yəni qızıl qayda olaraq bunu yadınızda saxlayın ki, 8 bit = 1 bayt deməkdir.

Kompüterdə yazdığınız hər bir tək hərf, simvol və ya boşluq yaddaşda dəqiq 1 Bayt yer tutur. Loru dildə desəm: 8 qum dənəsi birləşib 1 kərpic (Bayt) yaradır.

Kərpicləri tapdıq. Amma minlərlə kərpic olanda onları tək-tək saymaq çətindir. Ona görə də rəqəmsal dünya böyüdükcə yeni "çəki daşları" yaranıb. Burda tək bir fərq var: real həyatda hər şey 1000-1000 böyüyürsə (1 kq = 1000 qram), kompüter ikilik sistemlə (2-nin qüvvətləri ilə) işlədiyi üçün hər şey 1024 dəfə böyüyür.

Gəlin rəqəmsal dünyanın bu ölçü pillələrinə birlikdə qalxaq:

KB (Kilobayt): 1024 Bayt bir araya gəlir. (Təxminən bir vərəqlik təmiz mətn. Bu bizim tikdiyimiz kiçik bir divardır).

MB (Meqabayt): 1024 Kilobayt bir araya gəlir. (Telefonla çəkdiyiniz keyfiyyətli bir şəkil və ya 3 dəqiqəlik bir mahnı. Bu isə tam bir otaqdır).

GB (Giqabayt): 1024 Meqabayt bir araya gəlir. (Yüksək keyfiyyətli bir film və ya telefonunuzun daxili yaddaş ölçüsü. Təbriklər, artıq bütöv bir ev tikdik!).

TB (Terabayt): 1024 Giqabayt bir araya gəlir. (Nəhəng arxivlər, böyük xarici yaddaş diskləri, minlərlə film. Bu artıq çoxmərtəbəli, nəhəng bir binadır).

Amma texnologiya dayanmır axı! Məlumatlar o qədər çoxalır ki, artıq Terabayt da bizə bəs eləmir. Gəlin adi istifadəçilərin çox vaxt eşitmədiyi o rəqəmsal nəhənglərlə də tanış olaq:

PB (Petabayt): 1024 Terabayt. (Təsəvvür edin: Bütün bir şəhərin məlumat bazası, qlobal şirkətlərin ehtiyat arxivləri).

EB (Eksabayt): 1024 Petabayt. (Bu, bütöv bir ölkənin və ya dünyanın illik internet trafikinin böyük bir hissəsini tutacaq qədər nəhəng ölçüdür).

ZB (Zettabayt): 1024 Eksabayt. (Rəqəmlər o qədər böyüyür ki... Hazırda bütün dünya üzrə mövcud olan internet məlumatlarının cəmi Zettabaytlarla ölçülür. Bu rəqəmsal bir qalaktikadır!).

YB (Yottabayt): 1024 Zettabayt. (İndilik insanlığın və texnologiyanın adlandırdığı ən son hədd. Rəqəmsal dünyanın "kainatı"!).

Bəs niyə 1000 yox, məhz 1024?

Bilirəm, beyninizdə tam bu an o haqlı sual yaranıb. Axı niyə 1000 yox, 1024?

Real həyatda biz insan olaraq "onluq sistem"dən istifadə edirik, çünki əlimizdə 10 barmağımız var. Sayanda 10, 100, 1000 deyə rahatlıqla yuvarlaqlaşdırırıq. Amma kompüterlərin barmaqları yoxdur, onların yalnız iki vəziyyəti var: 

Elektrik var (1) və elektrik yoxdur (0). Yəni kompüterlər "ikilik sistemlə" (Binary) işləyir.

Kompüter üçün bir şeyi böyütmək onu ancaq 2-yə vurmaq deməkdir. Gəlin vuraq: 2, 4, 8, 16, 32, 64, 128, 256, 512 və... 1024!

Riyazi olaraq 210 hesablaması bizə tam olaraq 1024 rəqəmini verir. Loru dildə desək, bizim üçün "1000" nə qədər yuvarlaq və gözəl rəqəmdirsə, kompüter üçün də "1024" o qədər tam və kəsirsiz bir "dolu qutu"dur.

Bax belə! Artıq cibinizdə gəzdirdiyiniz telefonun "128 GB" yaddaşı olduğunu deyəndə, onun içində əslində necə milyardlarla "qum dənəsinin" yattığını çox yaxşı bilirsiniz.

Növbəti məqalələrdə görüşənədək!

Fikirləriniz mənim üçün önəmlidir

Rəylərinizdə etik qaydalara və qarşılıqlı hörmətə diqqət yetirməyiniz xahiş olunur.

Daha yeni Daha eski