Təsəvvür edin ki, yeni bir mağaza açmaq istəyirsiniz. İlk edəcəyiniz işlərdən biri həmin mağazaya cəlbedici və yadda qalan bir ad seçmək olacaq elə deyilmi? Çünki insanlar sizi məhz bu adla tanıyacaq, xatırlayacaq və başqalarına tövsiyə edərkən həmin addan istifadə edəcəklər.
İnternet dünyasında da proses buna çox bənzəyir.
İnterneti milyonlarla evi, mağazası və fərqli obyekti olan böyük bir şəhər kimi təsəvvür edə bilərik.
Bu şəhərdə hər bir veb-sayt ayrıca bir obyekt kimidir.
Məsələn, Google, YouTube və Facebook kimi saytlar insanların tez-tez ziyarət etdiyi internet ünvanlarıdır.
İstifadəçilərin bu saytları rahat tapa bilməsi üçün hər bir saytın özünəməxsus və unikal adı olmalıdır. İnternetdə veb-saytları tanıdan bu adlara domen deyilir.
Sadə dillə desək, domen veb-saytın internetdəki adıdır. Məsələn, google.com, youtube.com, facebook.com kimi ünvanlar domen adlarına nümunədir.
Vacib bir məsələ burdadır ki, insanlar çox vaxt “domen adı” və “domen uzantısı” anlayışlarını bir-biri ilə qarışdırırlar. Halbuki bunlar fərqli anlayışlardır və hər birinin öz funksiyası var.
Domen adı - internetdə sizin əsas adınızdır.
Domen uzantısı - həmin adın sonuna əlavə olunan və saytın tipini və ya aid olduğu ölkəni göstərən hissədir.
Bunu daha aydın anlamaq üçün bir nümunəyə baxaq.
Məsələn, mənim bloqumun ünvanı
www.cmq.digital-dır.
Bu ünvanda:
cmq - domen adıdır,
.digital - domen uzantısıdır.
Eyni domen adını fərqli uzantılarla da qeydiyyatdan keçirmək mümkündür.
Məsələn:
cmq.az
cmq.com
cmq.net
Bu nümunələrdə “cmq” hissəsi dəyişmir, yalnız domen uzantısı fərqli olur.
Domen uzantıları müxtəlif məqsədlər üçün istifadə edilə bilər. Bəzi uzantılar beynəlxalq fəaliyyət göstərən saytlar üçün, bəziləri isə müəyyən ölkələri və ya fəaliyyət sahələrini göstərmək üçün seçilir.
Məsələn:
.com - kommersiya məqsədli saytlar üçün geniş istifadə olunur,
.az - Azərbaycana aid milli domen uzantısıdır,
.org -əsasən təşkilatlar tərəfindən istifadə edilir,
.digital - rəqəmsal və texnologiya yönümlü layihələr üçün uyğun hesab olunur,
.edu.az - təhsil müəssisələri üçün,
.gov.az - dövlət qurumları üçün,
.org.az - təşkilatlar üçün.
Bundan əlavə qeyd etmək lazımdır ki hər ölkənin internetdə özünəməxsus milli domen uzantısı mövcuddur. Bu uzantılar adətən ölkələrin beynəlxalq qısaldılmış adları əsasında hazırlanır və həmin ölkəyə aid veb-saytları göstərmək üçün istifadə olunur.
.az -Azərbaycan
.tr -Türkiyə
.ru -Rusiya
.uk - Böyük Britaniya
.de - Almaniya
.fr - Fransa
.it -İtaliya
.es - İspaniya
.us - Amerika Birləşmiş Ştatları
.ca -Kanada
.jp -Yaponiya
.cn -Çin
.kr -Cənubi Koreya
.ae - Birləşmiş Ərəb Əmirlikləri
Beləliklə, domenlər internetdə veb-saytların tanınması və insanların onları rahat tapması üçün istifadə olunan ünvanlardır. Hər bir domen adı və onun uzantısı sayt haqqında müəyyən məlumat verir və internetdə fərqlənməsinə kömək edir.
Bu səbəbdən düzgün domen seçimi həm istifadəçilərin sizi daha rahat xatırlaması, həm də internetdə öz brendinizi formalaşdırmanız üçün olduqca vacibdir.
Lakin internetdə bir veb-sayt yaratmaq üçün təkcə domen almaq kifayət etmir. Domen sadəcə insanların saytınıza daxil olmaq üçün istifadə etdiyi addır. Saytın fayllarının, şəkillərinin və məlumatlarının saxlanılması üçün isə əlavə bir xidmətə ehtiyac olur.
Məhz bu xidmət hosting adlanır.
Aşağıdaki linkdən hostingin nə olduğunu, necə işlədiyini və domenlə birlikdə niyə vacib rol oynadığını daha ətraflı öyrənəcəyik.
Hosting nədir? Bu haqda oxumaq üçün klik edin.
Növbəti məqalələrdə görüşənədək!