Təsəvvür edin ki, kompüterinizdə, mobil cihazınızda və ya serverdə hansısa sayta, yaxud proqrama daxil olursunuz. Bu zaman sizə bir təhlükəsizlik kodu gəlir. "RAM-ın bütün bunlarla nə əlaqəsi var?" deyəcəyinizi bilirəm, lakin bir anlıq diqqətinizi bu mətnə verin. Bəli, bütün məsələ elə yaddaşdan başlayır.
Yaddaş dedikdə təkcə RAM-ı deyil, HDD və SSD kimi yaddaş qurğularını da nəzərdə tuturuq.
Lakin vacib bir məqam var: yaddaşlar iki yerə ayrılır.
Daimi yaddaş və müvəqqəti yaddaş.
Bizim "RAM" dediyimiz qurğunun iş prinsipi tam olaraq daimi deyil, müvəqqəti yaddaşa əsaslanır.
Niyə məhz təhlükəsizlik kodu?
İndi gəlin bayaqkı sayta giriş məsələsinə qayıdaq. Təsəvvür edin ki, sosial şəbəkəyə daxil olmaq üçün sizə hərflərdən və rəqəmlərdən ibarət qarışıq bir doğrulama kodu gəlir.
Məsələn: Y21xLmRpZ2l0YWw
Bu hərfləri və rəqəmləri yadda saxlamaq üçün bir anlıq bütün diqqətimizi koda yönəldirik. Bu kod bizə həmişəlik lazımdırmı? Xeyr. Bir dəfə istifadə etdikdən sonra unutsaq da olar. Lakin həmin an sistemi açmaq üçün o bizə mütləq lazımdır, unutsaq içəri daxil ola bilməyəcəyik.
Bu zaman insan beyninin müvəqqəti yaddaşı dövrəyə girir: kodu oradan götürür və öz yaddaşına emal edir. Kompüterlərimizdəki RAM da məhz belə işləyir. Cihaz açıq olduğu müddətdə yalnız o an üçün lazım olan, üzərində işlədiyimiz məlumatları özündə saxlayır.
Bəs 2 fərqli yaddaşa nə gərək var idi?
"İki fərqli yaddaşa nə ehtiyac var idi?" deyə soruşa bilərsiniz. Bunun cavabını yenə də insan beyninə və canlılara baxaraq tapa bilərik.
Gün ərzində gördüyümüz, eşitdiyimiz hər bir informasiyanı daim yadda saxlamağa ehtiyacımız varmı? Əgər bütün lazımsız detalları beynimizə yazsaydıq, düşünmək üçün heç yerimiz qalmazdı.
Məsələn, dünən səhər nə yediyinizi xatırlamaq o qədər də əhəmiyyət kəsb etmir; beyin hər gün etdiyiniz adi şeyləri bir yerdə toplayıb həmişəlik emal etmir.
Cihazlarımız da məhz bu məntiqlə qurulub.
HDD və SSD dediyimiz qurğular bizim daimi yaddaşımızdır. Əməliyyat sistemimiz, proqramlarımız, şəkillərimiz, videolarımız, mətnlərimiz bir sözlə hər şey bu cihazlarda saxlanılır.
Bunun əksinə olaraq, RAM-a əməliyyat sistemi və ya şəkil, video yaza bilməzsiniz. RAM vasitəsilə daimi proqram saxlamaq olmur. Cihaz sönüb yenidən işə düşəndə RAM-dakı bütün məlumatlar sıfırlanır və hər şeyə yenidən başlayır.
Gəlin bunu bir tarla misalı ilə daha da sadələşdirək.
Təsəvvür edin ki, böyük bir tarlanız var və onu sulamalısınız. Lakin tarlanın su girişi cəmi 2 ədəddir. Tarlanın tam sulanması nə qədər vaxt aparacaq? Təbii ki, çox!
Burada tarla sizin kompüterinizdir, o su boruları isə cihazın RAM-ıdır. İndi təsəvvür edin ki, bu su borularının sayını 16-ya çatdırırıq. Fərqi dərhal hiss edəcəksiniz.
Daha tez sulama, daha sürətli iş prosesi və daha tez məhsul!
RAM-ın həcmi artdıqca cihazınızın informasiyanı emal etmə gücü də eyni dərəcədə sürətlənir.
Bəs bu möcüzəvi müvəqqəti yaddaş ilk dəfə harada və necə yarandı? Gəlin vaxt maşınına minib bir az geriyə, texnologiyanın iməklədiyi dövrlərə gedək.
Müasir mənada ilk dinamik müvəqqəti yaddaş (DRAM) 1968-ci ildə IBM şirkətinin tədqiqatçısı Robert Dennard tərəfindən ixtira edilib. O, cəmi bir tranzistor və bir kondansatördən ibarət olan çox sadə bir hüceyrə dizaynı yaratdı. Bu kəşf kompüter dünyasında inqilab etdi, çünki məlumatları mikroskopik ölçüdə və çox sürətlə saxlamaq mümkün oldu.
Kommersiya məqsədli ilk RAM çipi isə 1970-ci ildə əfsanəvi Intel şirkəti tərəfindən "Intel 1103" adı ilə bazara çıxarıldı. Həmin vaxtdan bəri RAM-lar həm fiziki olaraq kiçildi, həm də sürət və həcm olaraq dəfələrlə böyüdü.
Zaman keçdikcə qarşımıza DDR (Double Data Rate) texnologiyası çıxdı.
Biz bu gün DDR1, DDR2, DDR3, DDR4 və artıq DDR5 nəsillərindən danışırıq. Hər yeni nəsil daha az enerji sərf edir və daha çox məlumat ötürür.
Bəlkə də RAM platalarının üzərinə baxanda aşağı hissədəki qızılı rəngli pinlərin ortasında kiçik bir çərtik (telik) görmüsünüz. Bu çərtiklər sadəcə dizayn xatirinə deyil. Onlar çox mühüm bir təhlükəsizlik funksiyasını yerinə yetirir:
Hər DDR nəslində o çərtiyin yeri fərqlidir. Məsələn, DDR3 RAM-ı götürüb DDR4 yuvasına (слот) taxa bilməzsiniz, çünki çərtik yuvaya oturmayacaq.
Anakartı qoruyur: Əgər o çərtiklər olmasaydı və siz fərqli gərginliklə işləyən köhnə RAM-ı yeni anakarta məcburən taxsaydınız, sistemi işə salan kimi həmin hissə qısaqapanmadan yanardı.
Bəs qurğuların üzərində yazılan bu "Tezliklər" nədir?
Mətnimizdə tez-tez qarşılaşdığımız bu tezlik anlayışı təkcə RAM-lara aid deyil. İstər RAM, istər HDD, istərsə də SSD olsun hər birinin üzərində mütləq onun iş sürətini və daxili ritmini göstərən müəyyən tezliklər və rəqəmlər qeyd olunur. Gəlin fərqlərinə baxaq:
1. RAM Tezliyi (Megahers - MHz)
RAM-ın üzərində 3200 MHz və ya 5200 MHz kimi rəqəmlər görürsünüz. Bu, RAM-ın bir saniyədə neçə milyon dövr (əməliyyat) etdiyini göstərir. Tezlik nə qədər yüksəkdirsə, bayaq danışdığımız o "tarlaya gedən su boruları" o qədər sürətlə açılıb-başlayır, yəni prosessorla RAM arasındakı məlumat axını bir o qədər ildırım sürətinə çatır.
2. HDD Sürəti (RPM - Dəqiqədə dövr sayı)
Köhnə nəsil daimi yaddaş olan HDD-lərin (sərt disklər) içində mexaniki olaraq fırlanan maqnit disklər var. Onların üzərində tezlik yerinə 5400 RPM və ya 7200 RPM yazılır. Bu, diskin bir dəqiqədə neçə dəfə fırlandığını göstərir.
Disk nə qədər sürətlə fırlanarsa, oxuyucu başlıq axtardığınız şəkil və ya videonu disk üzərindən o qədər tez tapıb RAM-a göndərir.
3. SSD Performansı (Məlumat tezliyi və interfeys)
Müasir SSD-lərdə hərəkət edən mexaniki hissə yoxdur, onlar tamamilə mikrosxemlərdən ibarətdir. Lakin onların da daxili nəzarətçilərinin (controller) işləmə tezliyi var. SSD-lərin üzərində əsasən birbaşa saniyədə ötürülən məlumat sürəti yazılır.
(məsələn, 3500 MB/s və ya 7000 MB/s). Bu sürət isə diskin qoşulduğu ana xətlərin (PCIe nəsillərinin) daxili tezlik tezliyindən asılıdır.
Həm rəqəmsal, həm də şəxsi yaddaşınızı həmişə gümrah saxlayın.
Növbəti məqalələrdə görüşənədək!

