HDD və SSD. Adları fərqli olsa da, ikisi də kompüterdə eyni əsas işi görür.
Bəs bu cihazlar hansı işi icra edir?
Əgər status kodları haqqında yazdığım məqaləni oxumusunuzsa, orada bir status kodunda “anbar” misalından istifadə etmişdim. Burada da oxşar məntiq qura bilərik. Kompüterinizdə olan əməliyyat sistemi, proqramlar, şəkillər, videolar, sənədlər və digər bütün fayllar müəyyən bir yerdə saxlanmalıdır. Bax həmin yer HDD və ya SSD adlandırdığımız yaddaş qurğularıdır.
Sadə dillə desək, HDD və SSD kompüterin yaddaş qutusudur.
Bəli, tam olaraq bir yaddaş qutusu.
Təsəvvür edin ki, sizin bir anbarınız var. Bu anbarda məhsullarınızı saxlayırsınız. Anbar nə qədər böyükdürsə, bir o qədər çox məhsul yerləşdirə bilərsiniz. Kompüterdə də vəziyyət buna bənzəyir. Diskinizin həcmi nə qədər böyükdürsə, o qədər çox fayl, proqram, oyun, şəkil və video saxlaya bilərsiniz.
Məsələn, 256 GB yaddaşa sahib kompüterlə 1 TB yaddaşa sahib kompüter eyni həcmdə məlumat saxlamaz. 1 TB daha böyük anbardır. Amma burada təkcə anbarın böyüklüyü vacib deyil. Həm də həmin anbardan məlumatı nə qədər sürətlə götürə bildiyimiz də önəmlidir.
Elə HDD və SSD arasındakı əsas fərq də burada ortaya çıxır.
Hər ikisi məlumat saxlayır. Amma biri bunu daha köhnə texnologiya ilə, digəri isə daha yeni və sürətli texnologiya ilə edir.
İlk öncə HDD-dən başlayaq. Çünki mövzunu məntiqlə izah edəcəyiksə, zaman ardıcıllığı ilə getmək daha doğru olar.
HDD nədir?
HDD sözünün açılışı Hard Disk Drive deməkdir. Azərbaycan dilində bunu sərt disk kimi başa düşə bilərik.
HDD uzun illər kompüterlərdə ən çox istifadə olunan yaddaş qurğularından biri olub. Köhnə masaüstü kompüterlərdə, noutbuklarda və hətta bəzi server sistemlərində illərlə əsas yaddaş qurğusu kimi HDD istifadə edilib.
Bəs HDD necə işləyir?
HDD-nin içində dairəvi metal lövhələr olur. Bu lövhələr çox sürətlə fırlanır. Onların üzərində isə məlumatlar maqnit üsulu ilə saxlanılır. Məlumatı oxumaq və yazmaq üçün isə xüsusi bir oxuyucu başlıq həmin lövhələrin üzərində hərəkət edir.
Bunu bir az daha sadə təsəvvür edək.
Köhnə musiqi plastinkalarını xatırlayın. Plastinka fırlanırdı, iynə isə onun üzərində hərəkət edərək səsi oxuyurdu. HDD də buna müəyyən qədər bənzəyir. İçəridə fırlanan disk var və həmin diskin üzərində məlumat oxuyan/yazan xüsusi başlıq var.
Yəni HDD mexaniki qurğudur. İçində hərəkət edən hissələr var.
Bu o deməkdir ki, HDD işləyərkən içində real fiziki hərəkət baş verir. Disk fırlanır, başlıq hərəkət edir, məlumat axtarılır, oxunur və ya yazılır. Buna görə də HDD-lər işləyərkən bəzən səs çıxara bilər. Bəzən kompüterdən yüngül “xırçıltı” və ya “fırlanma” səsi gəlirsə, bu çox vaxt HDD-nin nasaz işləməsi ilə bağlı olur.
HDD-lərin əsas üstünlüklərindən biri uzun müddət daha ucuz olması və böyük həcmdə yaddaşı daha sərfəli qiymətə təqdim etməsi idi. Məsələn, böyük arxivlər, filmlər, şəkillər, ehtiyat nüsxələr və çox yer tutan fayllar üçün HDD hələ də istifadə oluna bilər.
Amma HDD-nin zəif tərəfi də var.
Çünki içində mexaniki hissələr olduğu üçün SSD ilə müqayisədə daha yavaş işləyir. Kompüterin gec açılması, proqramların gec yüklənməsi, faylların gec açılması çox vaxt HDD-nin sürəti ilə bağlı ola bilər.
Bir də HDD zərbəyə qarşı daha həssasdır. Çünki içində fırlanan disk və hərəkət edən başlıq var. Noutbuk işlək vəziyyətdə yerə düşərsə və ya güclü zərbə alarsa, HDD zədələnə bilər. Bu da məlumat itkisinə səbəb ola bilər.
Burada vacib bir məqamı da qeyd edək: HDD pis cihaz deyil. Sadəcə artıq yeni dövrün sürət tələblərinə görə SSD daha çox ön plana çıxır.
Məsələn, əgər siz kompüterdə əsasən film, şəkil, sənəd və arxiv saxlayırsınızsa, HDD hələ də işinizə yaraya bilər. Amma kompüterin tez açılmasını, proqramların sürətli işləməsini, oyunların daha tez yüklənməsini istəyirsinizsə, burada artıq SSD daha güclü seçim olur.
Və indi gəlib çatırıq əsas fərqə.
HDD məlumatı fırlanan disklər üzərində saxlayırsa, SSD bunu tamam fərqli üsulla edir. SSD-nin içində HDD-dəki kimi fırlanan disk, hərəkət edən başlıq və mexaniki sistem yoxdur.
HDD-nin daxili quruluşunu görmək üçün şəklin üzərinə klik edin.
İndi isə keçək SSD-yə. Bəs onda SSD məlumatı necə saxlayır?
SSD sözünün açılışı Solid State Drive deməkdir. Sadə dillə desək, bu da HDD kimi məlumatları saxlayan bir yaddaş qurğusudur. Yəni məqsədi yenə eynidir: kompüterdəki əməliyyat sistemini, proqramları, şəkilləri, videoları, oyunları və digər faylları özündə saxlamaq.
Amma SSD-nin əsas fərqi onun işləmə üsulundadır.
HDD-dən fərqli olaraq SSD-nin içində fırlanan disk, hərəkət edən başlıq və mexaniki hissələr yoxdur. Yəni SSD daha müasir texnologiya ilə hazırlanmış yaddaş qurğusudur.
Bu nə deməkdir?
Bu o deməkdir ki, SSD məlumatı oxumaq və yazmaq üçün fiziki hərəkətə ehtiyac duymur. Məlumat elektron şəkildə, daha sürətli formada işlənir. Məhz buna görə də SSD-lər HDD-lərlə müqayisədə qat-qat daha sürətli olur.
Bunu daha sadə misalla başa düşək.
Təsəvvür edin ki, sizə anbardan bir məhsul lazımdır.
HDD-də sanki bir işçi anbarda gəzir, rəfləri axtarır, sonra məhsulu tapıb sizə gətirir. Buna görə müəyyən vaxt gedir.
SSD-də isə sanki həmin məhsul elə düymənin bir toxunuşu ilə dərhal qarşınıza gəlir.
Yəni hər iki halda sizə lazım olan şey verilir, amma biri daha gec, digəri isə çox daha sürətli.
SSD-lərin ən böyük üstünlüyü sürətdir.
Kompüterin tez açılması, proqramların daha sürətli işə düşməsi, faylların daha tez açılması, oyunların daha rahat yüklənməsi çox vaxt SSD ilə bağlı olur. Əgər bir kompüterdə SSD varsa, siz bunu xüsusilə sistem açılarkən daha açıq hiss edirsiniz.
Məsələn:
HDD-li kompüter bəzən açılmaq üçün daha çox vaxt istəyir,
SSD-li kompüter isə çox daha qısa vaxtda hazır vəziyyətə gəlir.
Təkcə açılışda yox, gündəlik istifadədə də fərq hiss olunur. Brauzerin açılması, proqramların işləməsi, faylların köçürülməsi, sistemin ümumi reaksiyası SSD-də daha çevik olur.
SSD-nin ikinci üstünlüyü isə odur ki, onun içində mexaniki hissələr yoxdur. Bu səbəbdən:
daha səssiz işləyir,
zərbəyə qarşı nisbətən daha davamlı olur,
daha az isinmə meyli göstərir,
enerji sərfiyyatı bəzən daha aşağı olur.
Bu xüsusilə noutbuk istifadəçiləri üçün vacibdir. Çünki həm sistem daha sürətli işləyir, həm də cihaz daha rahat və çevik hiss olunur.
SSD-ni isə daha müasir, sürətli və çevik yaddaş həlli kimi düşünə bilərik.
Bugünkü dövrdə SSD daha çox üstünlük qazansa da, HDD tamamilə sıradan çıxmış cihaz deyil. Sadəcə seçim edərkən bilməliyik ki, biri daha çox sürət, digəri isə bəzi hallarda daha sərfəli yaddaş imkanı verir.
SSD-nin daxili quruluşunu görmək üçün şəklin üzərinə klik edin.
Nəticə olaraq, HDD və SSD hər ikisi məlumatlarımızı saxlamaq üçün istifadə olunur. Sadəcə HDD daha köhnə və mexaniki quruluşa sahib yaddaş qurğusudur, SSD isə daha yeni, səssiz və sürətli texnologiyadır. Əgər məqsədiniz daha çox yaddaş sahəsi əldə etməkdirsə, HDD hələ də işə yaraya bilər. Amma kompüterinizin daha tez açılmasını, proqramların daha sürətli işləməsini və ümumi performansın daha rahat olmasını istəyirsinizsə, SSD daha doğru seçimdir.


