Bu kitabı mənə bir psixoloq məsləhət görmüşdü. Uzun müddət sıxıntılarımı, yorğunluğumu və həyata çox zaman mənfi tərəfdən baxdığımı görüb mənə Viktor Emil Franklın “İnsanın Məna Axtarışı” kitabını oxumağı tövsiyə etmişdi.
Bir neçə gün sonra kitabı açıb oxumağa başladım.
Oxuduqca ilk düşündüyüm şey bu oldu: bəlkə də psixoloqların belə kitabları insanlara məsləhət görməsinin səbəbi təkcə kitabın mövzusu deyil. Bəlkə də onlar düşüncələrinin içində boğulan, öz həyat labirintində yolunu itirmiş insanlara demək istəyirlər ki, baxın, dünyada elə insanlar olub ki, çox ağır, sarsıdıcı dövrlərdən keçiblər, amma yenə də yaşamaqdan vaz keçməyiblər.
Bu kitabı yazan insan da vaz keçməmişdi. Onun içində həmişə kiçik də olsa bir ümid var idi.
Bir gün yaşadıqlarını yazacaq, insanlar da onun həmin anlarda nə hiss etdiyini oxuyacaq və öz-özlərinə deyəcəklər: “Deməli, mən də dözməliyəm. Mən də nə olursa-olsun yaşamağa davam etməliyəm.”
Mənim məqsədim bu yazıda kitabın mövzusunu və müəllifini elmi şəkildə müzakirə etmək deyil.
Mən daha çox bu kitabı oxuyarkən içimdə yaranan hisslərdən danışmaq istəyirəm.
Bəzən bir psixoloqun tövsiyəsini bir kənara qoyaq, ən yaxın qonşumuzun, qohumumuzun, yaxud sosial şəbəkədə heç tanımadığımız bir insanın bir neçə ürək-dirək verən sözü belə bizə təsir edə bilir.
İnsan öz çətinliyindən, çıxılmaz vəziyyətindən yazanda, başqa biri də gəlib öz ən ağır anından danışır. Və bütün bu söhbətlərin sonunda sanki bir sual dayanır: insan necə davam edir?
Bəzən bizə deyirlər: “Çox çalış, bir gün alınacaq.” Amma mən bu cümləni hər zaman doğru hesab etmirəm. Mən sizə elə insanlar göstərə bilərəm ki, doğulduqları gündən son nəfəslərinə qədər çalışıblar, amma istədikləri yerə gəlib çıxa bilməyiblər. Hər şey onların ürəyincə olmayıb. Ona görə də mən “çox çalışın, bir gün mütləq alınacaq” deyib gözəl səslənən, amma hər kəs üçün doğru olmayan cümlələr yazmaq istəmirəm.
Məsələ bəzən nə qədər çox çalışmağımızda deyil. Bəzən məsələ harada, kimlərin qarşısında və hansı şəraitdə olduğumuzdadır.
Məsələn, bir iş görüşməsinə gedirsiniz. Günlərlə hazırlaşırsınız. Suallar düşünürsünüz, cavablar məşq edirsiniz. İşin mahiyyətini, ciddiliyini anlamağa çalışırsınız. Dırnaqlarınıza, ayaqqabınızın təmizliyinə, ütülü və səliqəli paltarınıza qədər diqqət edirsiniz. Dəfələrlə özünüzə deyirsiniz ki, birdən yanlış bir söz deyərəm, birdən özümü düzgün ifadə edə bilmərəm.
Amma iş yerinə çatanda qarşınıza tam başqa bir mənzərə çıxır. Səliqəsiz saç-saqqallı, geyimində nizam olmayan, əlində peraşki yeyə-yeyə gələn, ayağındakı rezin çəkməni sürüyə-sürüyə yeriyən bir adamla qarşılaşırsınız. O an bütün xəyallarınız suya düşmürmü?
Mən demirəm ki, siz iş görüşməsinə məsuliyyətsiz yanaşın. Xeyr. Əksinə, sizin ciddi və səliqəli hazırlaşmağınız sizin yaxşı tərəfinizdir. Sadəcə, bəzən insan doğru niyyətlə, doğru hazırlıqla getsə də, yanlış yerdə və yanlış insanlarla qarşılaşır. Və bu zaman yaşadığı təəssüf də tamamilə normaldır.
Çünki siz başqa bir mənzərə gözləyirdiniz. Daha ciddi, daha məsuliyyətli, daha dəyər verən bir münasibət gözləyirdiniz. Amma qarşınıza çıxan reallıq gözlədiyiniz kimi olmayanda, bu insanda xəyal qırıqlığı yaradır.
Bəlkə də “İnsanın Məna Axtarışı” kitabının mənə ən çox düşündürdüyü tərəf də budur: insan hər zaman həyatı idarə edə bilmir. Hər zaman istədiyi nəticəyə çata bilmir. Hər zaman qarşısına layiq olduğu insanlar çıxmır. Amma bütün bunların içində belə, insanın öz daxilində bir məna axtarması bəzən onun ayaqda qalması üçün yeganə səbəbə çevrilir.
Məqaləmin başlığında çox çalışmaqla bağlı bir fikir keçirmişdim. Amma burada demək istədiyim şey bu deyil ki, bu gün hamımız bütün işlərimizi bir kənara ataq və deyək: “Mən artıq çalışmayacağam. Yoruldum, bezdim, heç bir işim istədiyim kimi getmir.”
Xeyr. Mənim demək istədiyim bu deyil.
Yorulmaq da normaldır. İnsan bəzən dayanmalıdır. Bəzən öz enerjisini yenidən toplamalıdır.
Bəzən çalışma masasından ayrılmaq, nəfəs almaq, bir az geri çəkilmək də lazımdır. Çünki insan bütün həyatını daimi yorğunluq içində davam etdirə bilməz. Əgər insan özünə heç vaxt ara vermirsə, bir müddət sonra gördüyü iş də, yaşadığı həyat da onun üçün ağır bir yükə çevrilir.
Amma Viktor Emil Franklın kitabında təsvir olunan insanların belə bir seçimi yox idi.
Orada insan “yoruldum, sabah çalışmayacağam” deyə bilmirdi. “Xəstələndim, bu gün dincəlmək istəyirəm” demək belə təhlükəli idi. Çünki o düşərgələrdə xəstə, gücsüz və artıq işləyə bilməyəcək vəziyyətə düşən insanlar çox zaman yaşamaq şansını da itirirdilər. Yəni onların seçim haqqı demək olar ki, əllərindən alınmışdı.
İndi bir düşünün.
Biz bu gün bəzən yeməyimizi bəyənmirik. Bəzən “bunu yeyə bilmərəm” deyirik. Bəzən özümüzə ayıracaq vaxtımızın azlığından şikayət edirik. Bəzən istədiyimiz kimi yaşaya bilmədiyimizi düşünürük. Əlbəttə, bunların hər biri insan üçün ağır gələ bilər. Mən heç kimin dərdini kiçiltmək istəmirəm.
Amma bu kitab bizə başqa bir sual verir: bizim o düşərgələrdə yaşayan insanlardan daha çox seçim imkanımız yoxdurmu?
Bax, məncə bütün məsələ də buradadır.
Bəlkə də bir psixoloqun bizə bu kitabı məsləhət görməsinin əsas səbəbi də elə bununla bağlıdır.
Bu kitab insana sadəcə “döz” demir. Bu kitab insana göstərir ki, bəzən insanın əlindən hər şey alınsa belə, onun içində bir məna axtarmaq gücü qala bilər.
Bizim isə o insanlardan daha çox şansımız var. Özümüzü daha yaxşı hiss etmək üçün səbəblərimiz var. Seçim edə biləcəyimiz anlarımız var. Dayanmaq, düşünmək, nəfəs almaq, yenidən başlamaq imkanımız var.
Sadəcə bəzən biz hər şeyi o qədər adiləşdiririk, o qədər bəsitləşdiririk, sonra da o qədər qarışıq hala gətiririk ki, ən kiçik çıxılmaz vəziyyəti belə böyük bir labirintə çeviririk. Bəzən əlimizdə olan imkanları görmürük. Bəzən sahib olduğumuz seçimləri dəyərsiz hesab edirik. Bəzən də yaşadığımız yorğunluğu elə böyüdürük ki, artıq çıxış yolunu görə bilmirik.
Halbuki insan hər zaman güclü olmaq məcburiyyətində deyil. İnsan hər zaman ayaqda qalmaq məcburiyyətində deyil. Bəzən dayanmaq da lazımdır. Amma dayanmaq vaz keçmək deyil.
Dayanmaq bəzən özünü toplamaq, içindəki mənanı yenidən tapmaq və yola daha sakit davam etməkdir.
Məncə “İnsanın Məna Axtarışı” kitabının insana toxunan tərəfi də budur: həyat hər zaman ədalətli olmur, hər zaman istədiyimiz kimi davam etmir, amma insan bəzən ən ağır şəraitdə belə yaşamağa səbəb olacaq bir məna axtarmaq məcburiyyətində qalır.
Amma burada danışdığım məcburiyyət bildiyimiz o dözülməz, çəkilməz və insanın əlindən bütün seçimləri alan məcburiyyət deyil. Bu məcburiyyət daha çox insanın qarşısına qoyduğu hədəfə çatmaq üçün atmalı olduğu addımlardır.
Ola bilər, yanlış zamanda yanlış insanların arasında olasınız. Ola bilər, doğru insanların arasında belə yanlış qərarlar verəsiniz. Amma əgər bütün bunları anlayırsınızsa, dərk edirsinizsə və yaşadıqlarınızdan bir nəticə çıxarırsınızsa, deməli, artıq daxilinizdə bir qərar formalaşıb.
Yox, əgər yanlış yerdə, yanlış insanların arasında olduğunuzu bildiyiniz halda buna davam edirsinizsə və bunu qəbul edirsinizsə, o zaman bir müddət sonra şikayət etmək haqqınız da azalır.
Çünki artıq məsələ sadəcə həyatın sizə etdikləri deyil, sizin də özünüzə etdiyiniz seçimlər olur.
Bəzən insan düşünür: “Bu insanlar məni aldadır, bu insanlar məni tənqid edir, bu insanlar saxtadır.” Amma bütün bunları görə-görə yenə də eyni mühitdə qalırsa və üstəlik bundan bir məna axtarırsa, bilməlidir ki, ona edilən pisliklər onun çıxardığı mənalara görə dəyişməyəcək.
Siz düşərgədəki insan deyilsiniz. Sizin uzaqlaşmaq, qərar vermək, özünüzə daha çox zaman ayırmaq imkanınız var. Özünüzə və sizinlə birlikdə sizə həqiqətən dəyər verən insanlara zaman ayırın.
Burada “hər kəsə zaman ayırın” deyəndə, bütün insanları nəzərdə tutmuram. Ailə üzvlərinizə baş çəkin. Dostlarınızdan hal-əhval tutun. Bəzən o mobil telefonu bir kənara qoyub, iş masasının qarşısından ayrılıb gündə, heç olmasa çətin zamanlarda həftədə bir neçə saat da olsa, insanlarla bir araya gəlin. Həyatınızda hansı qərarların sizə yaxşı təsir etdiyini, hansı qərarların isə sizi yorduğunu danışın.
Bilirəm, indi bəzi insanlar bu fikirlə razılaşmaya bilər. Çünki elə insanlar var ki, ətraflarında qohumların, dostların, tanışların çox olmasından yorulurlar. İnsanların arasında çox görünməkdən qaçırlar və tək qalmağa üstünlük verirlər.
Bəs bir insan niyə tək qalmağa üstünlük verir?
Bəlkə danışdıqlarını qarşısındakı insanlara izah edə bilmir. Bəlkə üz ifadələrində bir bezginlik hiss edir. Bəlkə masada oturarkən başqası haqqında deyilən sözlərin əslində ona da aid ola biləcəyini düşünür.
Məsələn, biri soruşur: “Filankəs haradadır? Onu niyə çağırmamısınız?”
Cavab verirlər: “Əşi, yaxşı insandır, amma həmişə bədbin danışır. Heç vaxt ağzından xoş bir söz eşitməmişik.”
O an insan istər-istəməz düşünür: bəlkə onlar elə məni də belə görürlər? Bəlkə tanımadığım o adam əslində onların uydurduğu bir nümunə deyildi, bəlkə o təsvir elə mənə aid idi? Bəlkə mən doğrudan da çox bədbin danışıram, sadəcə üzümə demirlər ki, birdən qəlbimə dəyər?
Bax, mən “məna axtarmaq” məsələsini buna görə qeyd etmişdim. İş həyatında doğru insanların arasında olmaq sizi daha uğurlu yerlərə apara bildiyi kimi, doğru dostların və doğru cəmiyyətin içində olmaq da insanı təkliyə yox, dinlənməyə, səhnəyə və özünü daha yaxşı ifadə edə biləcəyi bir yerə aparır.
Çünki bəzən insanın problemi tək qalmaq istəməsi deyil. Bəzən problem onun yanında özünü rahat, anlaşılmış və dəyərli hiss edəcəyi insanların olmamasıdır.
Ona görə də məna axtarışı yalnız böyük faciələrin, ağır kitabların və dərin fəlsəfi cümlələrin içində deyil. Bəzən məna elə yanımızda oturan bir insanın bizi dinləməsindədir.
Amma gerçəkdən bu hər zaman baş verirmi? Biz bir masa arxasında əyləşəndə yanımızdakı insanlar bizi həqiqətən dinləyirlərmi? Yoxsa biz sadəcə elə zənn edirik ki, onlar bizi dinləyirlər?
Bəzən insan öz-özünə belə sual verir: “Mən niyə dinlənməliyəm ki?” Və ya başqa bir düşüncə gəlir ağlına: “Niyə mən öz problemimlə başqalarının hüzurunu qaçırmalıyam, rahatlığını pozmalıyam?”
Amma o zaman başqa bir sual da ortaya çıxır: bəs bu qədər kitab niyə yazılıb? İnsanlar yaşadıqlarını, ağrılarını, itkilərini, çıxılmazlıqlarını niyə kağıza köçürüblər? Əgər hər kəs öz dərdini yalnız öz içində həll etməli idisə, bəs insan niyə danışmağa, yazmağa, bölüşməyə ehtiyac duyub?
Əgər düşünürüksə ki, “mən heç kimin hüzurunu qaçırmalı deyiləm, nə problemim varsa özüm həll etməliyəm”, o zaman psixoloqlar niyə var? Deməli, insanın danışmağa ehtiyacı var.
Sadəcə hər kəs hər kəsə kömək edə bilmir. Hər kəs hər ağrını daşıya bilmir. Amma bu da o demək deyil ki, insan danışmaq istəyəndə onu dərhal susdurmaq, mövzunu dəyişmək və ya “get bir psixoloqa danış” demək lazımdır.
Bəzən elə bil insanlar bizə açıq şəkildə demək istəyirlər: “Problemin varsa, psixoloqlar var, onlara danış. Biz sənə kömək edə bilmərik. Bəlkə də heç səni dinləmək istəmirik. Sən sadəcə bizimlə otur, nə danışırıqsa gülümsə, söhbətə qoşul və öz ağrını içində saxla.”
Amma bu mümkündürmü?
Problemi olan bir insanın bir masa arxasında üzünə süni gülüş qondurması, içində dağ boyda yük varkən özünü hər şey qaydasındaymış kimi aparması da bir növ saxtakarlıq deyilmi? Bəlkə də bu saxtakarlıq başqalarına qarşı deyil, insanın özünə qarşı etdiyi ən ağır haqsızlıqlardan biridir.
Əlbəttə, hər dost psixoloq deyil. Hər insan sənin problemini həll edə bilməz. Hətta ən yaxın insanın belə bəzən sənə doğru yol göstərə bilməyə bilər. Amma “sənə kömək edə bilmərəm” demək başqa şeydir, insan danışmağa başlayan kimi onu “bir psixoloq tanıyıram, onun yanına get” cümləsi ilə qarşılayıb susdurmaq başqa şey.
Çünki bəzən insan səndən həll yolu istəmir. Bəzən o sadəcə eşidilmək istəyir. Bəzən “özümü yaxşı hiss etmirəm” deyəndə qarşı tərəfdən böyük məsləhətlər yox, sadəcə bir cümlə gözləyir: “Danış görüm, nə olub?”
Mən demirəm ki, yanımızdakı insanlar bizim bütün problemlərimizi həll etməlidir. Xeyr.
Amma insan danışmağa başlayanda son cümləni əvvəldə demək də doğru deyil. “Get psixoloqa danış” bəzən həqiqətən faydalı tövsiyə ola bilər, amma bu söz dinləmədən, anlamadan, insanın halını soruşmadan deyilirsə, o zaman köməkdən çox uzaqlaşdırmağa bənzəyir.
Bəlkə də insan münasibətlərində ən böyük ehtiyaclarımızdan biri budur: bizi dərhal düzəltməyə çalışan yox, əvvəlcə bizi eşitməyə çalışan insanlar.
Çünki bəzən bir insanın xilas olması üçün böyük məsləhətlərə ehtiyac yoxdur. Bəzən sadəcə birinin onu yarım saat səmimi şəkildə dinləməsi kifayətdir. Bəzən insanın içindəki qarışıqlıq elə danışdıqca azalır. Bəzən də o danışığın sonunda insan özü anlayır ki, əslində nə etməlidir.
Demək ki, bu kitablar boş yerə yazılmayıb. Bu gün bu kitabı mən oxudum. Ola bilər, bu məqalədən sonra bir neçə nəfər də bu kitabı axtarıb tapacaq və oxuyacaq. Bəlkə də həmin insanlar kitabın içində öz həyatlarına toxunan bir cümlə, bir fikir, bir işıq tapacaqlar.
Əlbəttə, mən demirəm ki, mən də o düşərgələrdəki insanların yaşadığı qədər ağır hadisələr yaşamışam. Xeyr. Bu, çox böyük və çox ağrılı bir müqayisə olardı. Amma mənim də həyatda yaşadığım ağır dövrlər, çətinliklər, içimdə daşıdığım yük olub. Sizində də olub. Başqa birinin də olub.
Amma bu o demək deyil ki, hər kəs problemini eyni şəkildə həll etmək qabiliyyətinə malikdir.
Hər kəsin həyatda eyni imkanları, eyni gücü, eyni dəstəyi, eyni çıxış yolu olmur.
Məsələn, mən bu məqalədə “iş masasından qalxın, çölə çıxın, parkda gəzin” kimi bir fikir yazanda belə, bir anlıq dayanıb düşünürəm: bəlkə bu məqaləni oxuyan insanın elə bir şansı yoxdur.
Bəlkə o insan ümumiyyətlə ayağa qalxa bilmir. Bəlkə onu parka aparacaq, yanında dayanacaq, ona yoldaşlıq edəcək bir tanışı belə yoxdur.
Ona görə də yazdığım hər cümlənin arxasındakı mənanı düşünməyə çalışıram. Mən hər kəsə “baxın, siz o düşərgələrdəki insanlardan daha şanslısınız, yatdığınız yatağın, qaldığınız otağın, yediyiniz yeməyin, içdiyiniz suyun, aldığınız duşun qədrini bilin və hər an bundan zövq alın” deyə bilmərəm.
Çünki bu, əslində insanın yaşamaq üçün sahib olmalı olduğu ən təməl ehtiyaclardır. İnsan rahat yaşamalıdır. İnsan təhlükəsiz hiss etməlidir. İnsan yeməyə, suya, istirahətə, qayğıya, hörmətə layiqdir. Bunlar lüks deyil, insan haqqıdır.
Amma gerçək dünyada bu, təəssüf ki, hər zaman hər kəs üçün keçərli olmur.
Və indi bütün insanlar adından oturub düşünməklə də bütün dünyanı xilas etmək mümkün deyil.
Bəlkə də axtardığımız mənanın içində mənasızlıq yaratmağın ən böyük yollarından biri də budur:
insan bütün dünyanı düşünür, amma öz yanında olan insanı görmür.
Bütün insanlığın dərdini çəkməyə çalışır, amma öz ailəsinə, yaxınlarına, hətta özünə yaxşılıq etməyi unudur.
Ona görə də bəlkə hər şeyə ən yaxından başlamaq lazımdır.
Əvvəl özünüzü düşünün. Sonra ailənizi. Sonra ətrafınızdakı insanları. Sonra yaxınlarınızı.
Onlar üçün kiçik də olsa bir şey edin. Daha sonra tanımadığınız insanlar üçün də bir addım atın, bir yaxşılıq edin. Amma bütün bunlardan əvvəl o yaxşılığı özünüzə edin.
Çünki insan özünü tamamilə unudub başqalarına işıq olmaq istəyəndə, bir müddət sonra içində işıq qalmaya bilər.
Bəzən düşünürəm: görəsən, o qədər ağır çətinliklərə baxmayaraq Viktor Emil Frankl nə düşünürdü? Düşünürdümü ki, illər sonra kimsə onun yazdıqlarını oxuyacaq? Kimsə bu yazılardan bir məna tapacaq? Kimsə öz qaranlıq anında onun cümlələrindən yapışacaq?
Bəlkə də o an bunları düşünmürdü. Bəlkə də sadəcə yazırdı, gördüklərini, yaşadıqlarını, insanın ən ağır şəraitdə belə necə məna axtardığını yazıya çevirirdi.
Və bu yazı bütün dünyanı xilas etmək üçün deyildi, təbii ki.
Amma bəzən bir kitab bütün dünyanı xilas etməz, sadəcə bir insanın həmin gün ayaqda qalmasına səbəb olar. Bəzən bir cümlə bütün problemləri həll etməz, amma bir insanın içində “bəlkə hələ də davam etmək olar” fikrini oyadar.
Bəlkə də kitabların, yazıların və insan hekayələrinin mənası elə buradadır.
Onlar hər şeyi dəyişmir. Amma bəzən bir insanın içində nəyisə yerindən oynadır.
Bəzən insanın öz dərdinə başqa tərəfdən baxmasına səbəb olur.
Bəzən də bizə xatırladır ki, məna həmişə böyük hadisələrin içində olmur.
Bəzən məna sadəcə bu gün özümüzə və yanımızdakı bir insana qarşı daha diqqətli davranmaqdan başlayır.
