Bəzi adamlar var ki, onlar pislikdən yox, yaxşılıqlarından uduzurlar.
Bu cümləni əvvəllər eşitsəydim, bəlkə də gülərdim. Deyərdim ki, insan yaxşılıqdan necə uduza bilər? Axı yaxşılıq insanı alçaltmamalıdır, əksinə, ucaltmalıdır. Amma sonralar gördüm ki, dünyada hər şey öz yerində gözəldir. Hətta yaxşılıq da.
Yaxşılıq saf ürəkdən gələndə nur kimidir. Amma yanlış adamlara, ölçüsüz, sərhədsiz, özünü unudaraq ediləndə o nur əvvəlcə adamın cibini, sonra ömrünü, axırda da içindəki işığı yeyir. İnsan elə bilir ki, hamıya çatmaqla özünü böyüdür. Amma bəzən hamıya “hə” deyə-deyə axırda özünə “yox” demiş olur.
Mən bu sözü bir çobanın taleyində gördüm.
Onu ilk dəfə qış aylarında, dəniz kənarında, balıqçıların yanında görmüşdüm. Bizim tərəflərdə balıqçılar əsasən qışın sərt vaxtlarında dənizə çıxarlar. Hava soyuq olar, külək adamın üzünü kəsər, dənizin üstündən qalxan duzlu hava paltara, saqqala, kirpiklərə yapışar. Sahildə torlar sərilər, qayıqlar qumun üstündə yana çəkilər, palçıqdan tikilən evlərin içində odun sobası yanar, çayın buxarı ilə yeni bişən balıq qoxusu bir-birinə qarışardı.
Kənardan baxanda bu evlər adi bir koma kimi görünər, amma içində neçə adamın qışı, aclığı, ümidi, söhbəti, dərdi olar. Hər evin öz adamları, öz səssiz qaydaları, öz süfrəsi vardı. Elə bil dəniz boyu düzülmüş bu balaca komalar ayrı-ayrı dünyalar idi.
O çoban da bu evlərə tez-tez gələrdi.
Hər dəfə Ford markalı maşını ilə görünəndə hamının üzü açılardı. Maşın uzaqdan palçıqlı yolla gələndə əvvəlcə mühərrikin səsi eşidilərdi. Sonra işıqları görünərdi. Sonra da hamı bilərdi ki, gələn odur.
— Çoban gəlir, kimsə deyərdi.
Bu sözün içində adi xəbərdən çox sevinc olardı. Çünki o heç vaxt əliboş gəlməzdi.
Maşının arxasında həmişə nəsə olardı: torbalar, çörəklər, meyvə, içki, bəzən də doğranmış qoyun əti. Elə günlər olurdu, gətirdiyi ət bir süfrəyə yox, bütöv bir neçə evə bəs edirdi. Balıqçılar əti götürər, kabab çəkər, çay qaynadılar, süfrə açılardı. O isə elə bil bütün bunları böyük bir iş görürmüş kimi yox, adi bir borcunu ödəyirmiş kimi edərdi.
Mən onu ilk gördüyüm gün üzündə qəribə bir təbəssüm vardı. Bir az sərxoş idi, amma bu sərxoşluq adamı çirkinləşdirən sərxoşluqdan deyildi. Sanki içindəki sevinc dilinə, gözünə, əlinin hərəkətinə qarışmışdı. Adam gülə-gülə salamlaşırdı.
— Necəsiniz, ay qardaşlar? Dəniz bu gün nə deyir? — deyə içəri girdi.
Balıqçılardan biri gülüb cavab verdi:
— Dəniz həmişəki kimi acıqlıdır. Amma sən gəlmisənsə, deməli, bu gün bizim kefimiz yaxşı olacaq.
Çoban əlindəki torbaları yerə qoydu.
— Kef yaxşı olmasa, yaşamağın nə mənası var? Alın, bunu da doğrayın. Uşaqlar yesin, qocalar yesin. Dəniz adamının qarnı isti olmalıdır.
Onun danışığında lovğalıq yox idi. Heç vaxt “mən gətirmişəm”, “mən vermişəm”, “mənim hesabıma yeyirsiniz” havası yaratmazdı. Əksinə, elə davranardı ki, sanki ona yaxşılıq edən elə biz idik.
Sanki o, gətirdiklərini bizə vermirdi, biz onun gətirdiklərini qəbul etməklə ona yaxşılıq edirdik.
Bu da qəribə bir xasiyyətdir. Bəzi adamlar verəndə adamı borclu çıxarırlar. Bəzi adamlar isə verəndə elə verirlər ki, utanırsan, amma borclu hiss etmirsən. O ikinci adamlardan idi.
Onun haqqında çox danışardılar. Deyirdilər, sürüləri var. Atları var. Yanında çobanlar işləyir. Mal-qarası çoxdur. Bir yerdə durmaz, çünki çoban adamın həyatı yolla bağlıdır. Qışda aran yerlərinə enər, yazda-yayda yaylağa qalxar, sürüsünün ardınca özü də köçər. Kənddə də, dağda da, sahildə də tanıyanı çox idi.
Amma onu varlı edən təkcə malı deyildi. Əslində, adamın üzündə elə bir bolluq vardı ki, sanki var-dövlət əvvəl onun içində başlamışdı, sonra tövləsinə, sürüsünə keçmişdi.
O vaxt mən belə düşünürdüm.
İndi isə bilmirəm. Bəlkə də insanın ən böyük sərvəti elə onun içindəki sevincdir. O sevinc gedəndə, malın çoxluğu da adama dayaq olmur.
O çoban heç kimə “yox” deməzdi. Mən onu tanıdığım dörd-beş il ərzində bir adama “yox” dediyini nə gördüm, nə də eşitdim. Kimin yası düşsə, qapısına mal-qara göndərərdi. Kimin xeyir işi olsa, ətdən, süddən, qatıqdan, yağdan kömək edərdi. Kim ailə qursa, onun köməyi bütün balıqçı evlərinə yayılardı.
— Çoban filankəsin toyuna qoyun göndərib.
— Çoban filankəsin yasına mal kəsdirib.
— Çoban filankəsə süd verib, pul almayıb.
Bu sözlər o qədər təkrar olunurdu ki, axırda artıq heç kim təəccüblənmirdi. Elə bil hamı bunu onun vəzifəsi kimi qəbul etmişdi. Sanki o, bu dünyaya elə hamının yükünü daşımaq üçün gəlmişdi.
Bir gün yaşlı bir balıqçı ona dedi:
— Ay kişi, sən də bir az özünü düşün. Bu camaatın ehtiyacı qurtaran deyil.
Çoban güldü.
— Mənim nəyim azalır ki?
— Azalır, — qoca dedi. — Adamın malı da azalır, canı da azalır. Ən pisi, adamın qədrini bilməsələr, ürəyi azalır.
Çoban əlini yellədi.
— Qədir nədir, ay dayı? Bu gün varıq, sabah yoxuq. Adamın əlindən yaxşılıq gəlirsə, niyə etməsin?
Qoca bir az susdu. Sonra yavaş səslə dedi:
— Yaxşılıq et, amma özünü də saxla. Özünü qorumayan adamın yaxşılığı da uzun çəkməz.
Çoban yenə güldü. Bu dəfə gülüşündə azca inad vardı.
— Mənə heç nə olmaz.
O vaxt bu söz adi gəldi. İndi isə düşünürəm ki, insanın ən təhlükəli cümlələrindən biri budur: “Mənə heç nə olmaz.”
Çünki həyatda hər şey elə bu cümlədən sonra başlayır.
O yeni ailə qurmuşdu. Bəzən adamın bütün hərəkətlərindən hiss edirsən ki, o sadəcə varlı deyil, həm də xoşbəxtdir. Mən onda bunu görürdüm. O, mal-qarasına görə, maşınına görə, süfrəsinə görə sevinmirdi. Onun sevincində daha şəxsi, daha gizli, daha isti bir səbəb vardı. Məncə, o səbəb həyat yoldaşı idi.
Bunu heç kimə açıq deməzdi. Amma hər dəfə onun adını çəkəndə səsinin tonu dəyişərdi.
Bir dəfə balıqçılardan biri zarafatla dedi:
— Ay çoban, bu qədər əti, bu qədər süfrəni bizə gətirirsən, evdəkilər demir ki, sən nə edirsən?
O, gülüb başını aşağı saldı.
— Evdəkilər yaxşıdır. Allah saxlasın. Evdə adamı gözləyən varsa, çöldə də adamın ürəyi geniş olur.
Bu cümləni deyəndə gözlərində bir işıq yanmışdı. Mən o işığı unutmamışam. Çünki sonralar həmin gözlərə yenə baxdım və gördüm ki, o işıq orada yoxdur.
İllər elə sakit keçir ki, adam onların necə keçdiyini anlamır. Dünən Fordun arxası dolu gələn adam bu gün yenə gəlir, sabah yenə gəlir, o biri gün yenə. Hamı yeyir, içir, gülür, danışır. Heç kim düşünmür ki, bu bolluğun da bir sonu ola bilər. Heç kim fikirləşmir ki, adamın cibindən çıxan hər manat, tövləsindən çıxan hər qoyun, ürəyindən çıxan hər yaxşılıq bir gün onun özünə qayıtmasa, bu adamın içində böyük bir boşluq yaranacaq.
Sonra yavaş-yavaş nələrsə dəyişməyə başladı.
Əvvəlcə onun gəlişləri azaldı. Sonra maşının arxasındakı torbalar əvvəlki kimi dolu olmadı. Sonra əti daha az gətirdi. Sonra bir gün gəldi, amma əvvəlki kimi şən deyildi.
Sərxoş idi, amma bu sərxoşluq əvvəlki sərxoşluğa bənzəmirdi.
Əvvəl içəndə adamın üzündə sevinc olurdu. Sonra içəndə gözlərində yorğunluq görünürdü. Elə bil içki onu açmırdı, əksinə, içindəki qaranlığı daha da üzə çıxarırdı.
Bir dəfə evin küncündə oturmuşdu. Hamı danışırdı, o isə susurdu. Əlində stəkan vardı, amma içmirdi. Sadəcə stəkanın içindəki çaya baxırdı.
— Nə olub, ay çoban? — balıqçılardan biri soruşdu. — Sakitləşmisən.
O, başını qaldırdı, gülümsəmək istədi, amma bacarmadı.
— Mal-qara bir az qırıldı, — dedi. — Xəstəlik düşdü. Allahın işidir.
— Allah əvəzini verər, — dedilər.
O başını tərpətdi.
— İnşallah.
Amma o “inşallah” sözündə əvvəlki inam yox idi. Sanki özü də dediyinə inanmırdı, sadəcə deməli idi deyə dedi.
Sonra ailəsində problem olduğu danışıldı. Əvvəl pıçıltı ilə dedilər. Sonra açıq danışdılar. İnsanlar qəribədir. Bir adamın süfrəsində illərlə otururlar, amma onun yıxılmağa başladığını görəndə bu yıxılmanı da söhbətə çevirirlər.
— Deyirlər, arvadı ilə arası yaxşı deyil.
— Qaynatası da əlini çəkib.
— Malın çoxu gedib.
— Fordu da satacaq deyirlər.
Bu sözləri kim deyirdisə, üzündə təəssüfdən çox maraq vardı. Adamlar başqasının yıxılmasını bəzən yağış kimi izləyirlər: islanmaq istəmirlər, amma baxmaq xoşlarına gəlir.
Bir gün o yenə gəldi. Bu dəfə Fordla yox, başqa bir adamın maşınında.
Mən onu görəndə əvvəlcə tanımadım. Eyni adam idi, amma elə bil içindən bir parça çıxarılmışdı. Paltarı da əvvəlki kimi deyildi, yerişi də. Üzü solğun idi. Gözlərinin altı çökmüşdü. Yenə salam verdi, yenə hamının əlini sıxdı, yenə gülümsəməyə çalışdı.
— Necəsiniz, qardaşlar?
Heç kim əvvəlki kimi ayağa qalxmadı. Heç kim əvvəlki kimi “çoban gəldi!” demədi. Sadəcə bir-iki nəfər başını tərpətdi.
— Sağ ol, yaxşıyıq.
O da oturdu. Bir az kənarda. Əvvəllər süfrənin başına çağırılan adam indi özü yer axtarırdı.
Bu, insanın taleyində ən ağır səhnələrdən biridir: dünən səni gözləyənlər bu gün səni görməzdən gəlirlər.
O gecə mən çox şeyi başa düşdüm. İnsanların sənə münasibəti bəzən sənə yox, sənin imkanına olur. Sən bunu varlı olanda bilmirsən. Çünki hamı gülür, hamı salam verir, hamı səni əziz tutur. Elə bilirsən, bu, sənin insanlığınadır. Amma bir gün imkanın azalanda salamlar da soyuyur. Onda başa düşürsən ki, bəziləri sənin üzünə yox, əlindəkinə baxırmış.
Ən ağırı da budur ki, o adamlar sənə birdən-birə pislik etmirlər. Yox. Onlar sadəcə əvvəlki kimi olmurlar. Daha gec salam verirlər. Daha az gülümsəyirlər. Daha səni süfrənin başına çağırmırlar. Daha “əyləş” demirlər. Sən də öz-özünə düşünürsən: “Mən nə etdim? Hansı sözüm ağır gəldi? Harada səhv etdim?”
Sonra bir gün aynanın qabağına keçirsən və görürsən ki, onların dəyiş keçirsən və görürsən ki,məsinin səbəbi sən deyilsən. Daha doğrusu, sənsən, amma etdiyin pisliyə görə yox. Sadəcə əvvəlki kimi yaxşılıqlarından pay verə bilmədiyinə görə.
Çobanın başına da bu gəldi.
Mal-qarasının bir hissəsi tələf oldu. Borcları artdı. Ailəsi dağıldı. Həyat yoldaşı onu tərk etdi. Onun üzündə gördüyüm o sevinc bir daha qayıtmadı. Bir vaxtlar adamın səsi evi doldururdu, indi özü evin küncünə sığmırdı.
Sonralar eşitdim ki, əlində olanların çoxunu satıb. Hətta bir vaxtlar başqalarına iş verən adam indi başqalarının mal-qarasına baxırdı. Bu söz mənə çox ağır gəlmişdi. Çünki onun çobanlığı kasıblıq deyildi. Onun çobanlığı böyüklük idi. Amma indi başqa idi. İndi o öz sürüsünün yox, başqasının sürüsünün ardınca gedirdi.
Və mən onu son dəfə elə bir gündə gördüm ki, həmin gün yaddaşımdan heç vaxt silinmədi.
Qışın soyuq axşamı idi. Dəniz ağır idi. Gün ərzində külək əsmişdi, amma axşama yaxın bir az sakitləşmişdi. Bizim balıqçıların toruna iri, nəhəng bir balıq düşmüşdü. Hamı sevinirdi. Belə balıq hər gün düşməzdi. Süfrə açılmışdı, çay vardı, çörək vardı, balıq hələ təmizlənməmiş kənarda dururdu.
Elə bu vaxt çoban gəldi.
Bu dəfə piyada gəlməmişdi, amma yenə öz maşınında deyildi. Onun gəlişində əvvəlki səs-küy yox idi. Qapını açdı, içəri baxdı. Üzündə yorğun bir təbəssüm vardı.
— Salam, qardaşlar.
Hamı salam aldı, amma səs zəif çıxdı.
O içəri girdi, qapının yanında dayandı. Əllərini bir-birinə sürtdü. Soyuqdanmı, utandığındanmı, bilmirəm.
— Bu gün bütün yeri gəzmişəm, — dedi. — Axşama bir az balıq lazım idi. Heç yerdə olmadı.
Heç kim danışmadı.
O davam etdi:
— Dedim, bəlkə sizdə olar. Pulunu sonra verərəm. Ya da nə vaxt imkan olsa...
Sözünün axırını gətirmədi.
Masanın arxasında oturan adamlardan biri gözünü çay stəkanından qaldırmadı. O biri siqaret yandırdı. Üçüncüsü guya çöldən səs eşitmiş kimi qapıya baxdı. Hamı bilirdi ki, balıq var. Hamı görürdü ki, balıq kənarda durub. Amma heç kim “var” demədi...
Bir anlıq evin içində qəribə bir sükut yarandı. Sobanın içində odun çırtıldayırdı. Çayın buxarı qalxırdı. Kənarda nəhəng balıq susurdu. Bir vaxtlar bu adamın gətirdiyi ətlə kabab çəkən kişilər indi ona bir balıq verməyə səssiz dayanmışdılar.
Çoban hamının üzünə baxdı. Bir-bir. Elə bil hər üzdə keçmişdən bir iz axtarırdı. Bəlkə ona bircə adamın “otur, ay kişi” deməsi lazım idi. Bəlkə bircə nəfərin “balıq var, götür apar” deməsi bəs edəcəkdi. Bəlkə o balıqdan çox o sözü istəyirdi.
Amma heç kim demədi.
O yavaşca başını tərpətdi.
— Yaxşı, — dedi. — Allah bərəkət versin.
Bu cümləni elə dedi ki, adamın ürəyi sıxıldı. Nə inciklik vardı içində, nə qəzəb, nə də qarğış. Sadəcə yorğunluq vardı. Elə bil artıq insanlardan heç nə gözləməməyi öyrənmişdi.
Qapını açdı. Soyuq hava içəri doldu. O çıxdı, qapı arxasınca örtüldü.
Bir müddət heç kim danışmadı. Sonra bayaqdan susan balıqçılardan biri dedi:
— Yazıq adamdır.
Bu söz məni içimdən yandırdı.
Yazıq?
Bir vaxtlar onun süfrəsində oturan, onun ətini yeyən, onun içkisini içən, onun verdiyi südü, qatığı, yağı evinə aparan adamların dilində indi o sadəcə “yazıq” olmuşdu.
Mən həmin axşam başa düşdüm ki, bəzi adamlar sənin yaxşılığını yadda saxlamırlar. Onlar sənin yaxşılığınla öyrəşirlər. Öyrəşəndən sonra isə onu yaxşılıq yox, sənin borcun hesab edirlər. Bir gün verə bilməyəndə də sən onların gözündə yaxşı adam olmaqdan çıxırsan.
O çoban mənim gözümdə yenə varlı idi. Bəlkə əvvəlki kimi sürüsü yox idi, imkanı yox idi, süfrəsi yox idi. Amma mənim gözümdə onun varlılığı başqa yerdə idi. O, insanları həqiqətən sevmişdi. Sadəcə insanları sevməyin də bir ölçüsü olduğunu gec anlamışdı.
Mən onun üzündə xoşbəxtliyin bir insanı necə böyütdüyünü görmüşdüm. Sonra da həmin xoşbəxtlik gedəndə insanın necə kiçildilməyə çalışıldığını gördüm. Əslində, o kiçilməmişdi. Sadəcə onu böyük görən gözlər azalmışdı.
Bəlkə də o illərdə başqa cür davransaydı, bu gün belə olmazdı. Südü də, qatığı da, yağı da pul ilə satsaydı. Xeyirə də, şərə də ayırdığı ətlərin hesabını tutsaydı. Hər gələnə “hə” deməsəydi. Hər ehtiyacı olanın dərdini öz dərdi bilməsəydi. Bəlkə maşınıda hələ də həyətində olardı. Bəlkə sürüsü yenə dağ yollarında yayılardı. Bəlkə otağa gələndə hamı yenə ayağa qalxardı.
Amma onda o, həmin adam olmazdı.
Bu da işin ən ağrılı tərəfidir. İnsanı yıxan xasiyyəti bəzən elə onu gözəl edən xasiyyətdir.
O, həddindən artıq sadə idi. Həddindən artıq təvazökar idi. Həddindən artıq inanırdı. Həddindən artıq sevirdi. Həddindən artıq verirdi. Həyat isə “həddindən artıq” olan heç nəyi uzun müddət bağışlamır.
İndi o çobanı xatırlayanda gözümün qabağına əvvəl Fordun arxası dolu gələn şən adam gəlir. Sonra evin qapısında dayanıb bir balıq istəyən yorğun adam. Bu iki görüntünün arasında dörd-beş il var. Amma əslində, bir insanın bütün həyatı var.
Varlı çobanın hekayəsi mənə bunu öyrətdi: yaxşılıq etmək lazımdır, amma yaxşılığı da doğru insanlara etmək lazımdır. Çünki yanlış adamlara edilən yaxşılıq çox vaxt yaxşılıq olaraq qalmır. O, əvvəlcə adətə çevrilir, sonra borc kimi görünür, axırda isə səni tükəndirir.
İnsan saf qalmalıdır. Təmiz qalmalıdır. Əlindən gələndə yaxşılıq etməlidir. Amma...
Özünü bitirərək yox. Özünü unudaraq yox.
Çünki insanın içində bir işıq var. O işıq hamıya paylananda gözəldir. Amma hamı o işığın qədrini bilmirsə, bir gün adam qaranlıqda qalır.
Varlı çoban mənim üçün sadəcə bir adamın hekayəsi deyil. O, hamımızın həyatındakı incə cizgidir. O cizginin bir tərəfində mərhəmət var, o biri tərəfində özünü məhv etmək. Bir tərəfində yaxşılıq var, o biri tərəfində sadəlövhlük. Bir tərəfində insan sevgisi var, o biri tərəfində insanların həmin sevgidən istifadə etməsi.
Və insan ən çox bu cizgini görə bilməyəndə uduzur.
