Bir neçə gün əvvəl Xəzər Universitetində tələbələrin hazırladığı robotların təqdimatı keçirildi. Təqdimat zamanı robotlardan biri hərəkət edərkən tarazlığını itirdi və səhnədə yıxıldı. Təbii ki, bu görüntü diqqət çəkdi və sosial şəbəkələrdə də paylaşılmağa başladı. Amma mən bu hadisəyə bir qədər fərqli tərəfdən baxmaq istəyirəm.
Biz adətən ekranda robotun yalnız bir neçə saniyəlik görüntüsünü görürük. Robot hərəkət edir, səhv edir və ya yıxılır. Amma çox vaxt həmin robotun arxasında duran insanların əməyini görmürük. Halbuki bir robot hazırlamaq heç də asan məsələ deyil. Bunun arxasında proqramlaşdırma, elektronika, mexanika, sensorlar, kabellər və uzun müddətli sınaqlar dayanır. Tələbələr robotun hissələrini bir-bir yığır, proqramlaşdırır, test edir və hər dəfə qarşılarına çıxan problemləri həll etməyə çalışırlar.
Bəzən robot heç hərəkət etmir, bəzən sensor düzgün işləmir, bəzən proqramda xəta yaranır, bəzən də robot hərəkət zamanı tarazlığını itirib yıxılır. Bunların hamısı texnologiyanın inkişaf prosesinin bir hissəsidir. Və maraqlısı budur ki, belə hallar yalnız tələbələrin və ya kiçik komandaların başına gəlmir.
Dünyanın ən məşhur texnologiya şirkətlərinin canlı təqdimatlarında belə texniki problemlər yaşanıb. Məsələn, 1998-ci ildə Bill Qeyts Windows 98-i təqdim edərkən sistem xəta verərək mavi ekran göstərmişdi. 2010-cu ildə Stiv Cobs iPhone 4-ü təqdim edərkən canlı nümayiş zamanı Wi-Fi problemi ilə qarşılaşmışdı. O, funksiyanı göstərmək üçün bir neçə dəfə cəhd etməli olmuşdu. 2019-cu ildə isə Tesla Cybertruck-ın təqdimatında avtomobilin sındırılmaz olduğu deyilən şüşəsi nümayiş zamanı çatladı və hətta ikinci şüşə də sındı. Yəni texnologiya dünyasında belə hadisələr yeni deyil. Ən böyük şirkətlərin, ən məşhur mühəndislərin və mütəxəssislərin belə canlı nümayişlər zamanı gözlənilməz problemləri olub.
Burada Xəzər Universitetinin robototexnika sahəsindəki uğurlarını da xüsusi qeyd etmək lazımdır. Universitetin tələbələri əvvəllər də robototexnika yarışlarında iştirak edib və uğurlar qazanıblar. Məsələn, Xəzər Universitetinin robototexnika komandaları Azərbaycan Robot Olimpiadalarında nəticələr əldə edib, beynəlxalq yarışlarda Azərbaycanı təmsil ediblər. 2026-cı ilin mayında isə universitetin Vortex Team komandası World Caspian Cup 2026 beynəlxalq robot müsabiqəsində final mərhələsinə yüksəlib və robotun texniki dizaynına görə xüsusi mükafat qazanıb.
Ona görə də məncə, səhnədə yıxılan robotu görəndə yalnız həmin bir neçə saniyəyə baxmaq düzgün deyil. Gəlin bir az da robotun arxasında dayanan gənclərə baxaq. Gəlin onların neçə saat işlədiyini, neçə dəfə sınaq apardığını və bu texnologiyanı öyrənmək üçün nə qədər əziyyət çəkdiyini düşünək. Çünki texnologiya səhvsiz yaranmır. Robototexnika da, proqramlaşdırma da, ümumiyyətlə yeni bir şey yaratmaq prosesi də sınaqdan, səhvdən və yenidən cəhddən keçir.
Bəlkə də həmin robotun səhnədə yıxılması uğursuzluğun özü yox, daha yaxşı bir robot yaratmaq yolunda növbəti sınaqdır. Məncə, biz belə görüntülərə gülməzdən əvvəl bir şeyi görməliyik: Azərbaycan gəncləri texnologiya yaratmağa çalışırlar. Mənim üçün əsas olan da məhz budur. Biz gələcəyimizi inşa edən bu gənclərə onları lağa qoyaraq yox, ancaq və ancaq ayaq üstə alqışlayaraq böyük dəstək ola bilərik.
İndi isə sizi yarışmadan olan fotolarla baş-başa buraxıram. Orada yalnız robotlar yox, o robotların arxasında dayanan gənclərin zəhməti və ən əsası, bayrağımızı ucaltmaq üçün göstərdikləri səylər var.







